Ölkənin ən gənc mobil operatoru “Nar” 26-28 aprel tarixlərində paytaxtımızda baş tutacaq "Formula-1 Azərbaycan Qran-Prisi" yarışları zamanı həm yerli, həm də əcnəbi abunəçilərin telekommunikasiya tələblərinə tam şəkildə cavab vermək üçün hazırlıq işlərini başa çatdırıb.
Belə ki, mobil operator sürət həvəskarlarına ən yüksək səviyyədə mobil rabitə xidmətləri göstərmək üçün ərazinin şəbəkə testlərini tamamlayıb və şəbəkənin keyfiyyət ölçülərini müəyyənləşdirib. Yarış ərazisi və tədbir məkanlarında şəbəkə tutumu maksimum optimallaşdırılıb, yüksəkkeyfiyyətli internetdən kəsintisiz istifadə imkanını təmin etmək üçün 225Mbps-dək sürət təqdim edən 4G (LTE-A) şəbəkə tutumu quraşdırılıb. Dənizkənarı bulvar ərazisində yeddi mobil stansiya yaradılıb ki, bu stansiyaların yeri şəbəkə analizləri və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin sorğularına əsasən təyin edilib.
Yarışların keçiriləcəyi ərazilərdə 24/7 rejimində çalışacaq “Nar” əməkdaşları şəbəkəyə nəzarət edəcək, şəbəkə istifadəçilərinə dəstək olacaqlar. “Nar” şəbəkəsi haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
Qeyd edək ki, yaranan hər hansı bir sualla bağlı “Nar” abunəçiləri yüksəkkeyfiyyətli müştəri xidmətlərindən özlərinə rahat olan istənilən üsulla – Çağrı Mərkəzinə zəng etməklə, şəxsi kabinet, sosial şəbəkələr, SMS və elektron poçt üzərindən yazmaqla yararlana bilərlər.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.