2 May 2019 12:43
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Space" televiziyasının efirində işlətdiyi ifadələrə görə xüsusi ittiham qaydasında məhkəməyə verilən müğənni Rüfət Axundov və Rəşad İlyasovun cinayət işi üzrə bu gün keçirilməli olan məhkəmə prosesi təxirə düşüb.

Teleqraf.com xəbər verir ki, e-huquq.az məsələ ilə bağlı R. İlyasovun vəkili Şahmar Məmmədovla əlaqə saxlayıb. Vəkil məhkəmənin mayın 8-dək təxirə salındığını deyib.

Vəkil R. İlyasov barəsində verilən şikayətdən də danışıb: "Xüsusi ittihamçının Rəşad İlyasovun həbs edilməsini tələb etməsi doğru deyil. Çünki bu məsələdə Rəşadın heç bir günahı yoxdur. Bu baxımdan biz bu şikayəti əsassız hesab edirik".

Qeyd edək ki, dünən keçirilən məhkəmə prosesində xüsusi ittihamçı Rahim Sadıqlının nümayəndəsi çıxış edərək, R. İlyasovla, R. Axundovun cinayət məsluliyyətinə cəlb edilməsini və 6 ay müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Xatırladaq ki, şikayətdə hər iki müğənninin Cinayət Məcəlləsinin 148 (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanması tələb edilir.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) məlumatına əsasən, “Space” TV-də “Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub. MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin, televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub. Bundan sonra MTRŞ televiziya barədə İnzibati Xətalar Məcəlləsin 384.0.1-ci (televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən, erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına) maddəsi ilə protokol tərtib edib və inzibati qaydada məhkəməyə müraciət edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər