3 May 2019 16:02
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Azərbaycan və Türkiyə tarixində önəmli rol oynamış Əhməd bəy Ağaoğlunun doğumunun 150-ci ildönümüdür.

Teleqraf.com Əhməd bəyin qızı Tezər Ağaoğlu haqqında məqaləni təqdim edir:

Əhməd bəy Ağaoğlunun qızı Tezər Ağaoğlu 1907-ci ildə Bakıda doğulub. Əsl adı Tazəxanım (nənəsinin adı) olub, Türkiyəyə köçdükdən sonra Tezər kimi rəsmiləşdirilib. Orta təhsilini İstanbulda Bəzmi-Aləm liseyində alıb. 1924-cü ildə İstanbul Darülfünunun Fəlsəfə bölümündə ali təhsilini başa vurub.

Universiteti bitirdikdən sonra Ankara qız və oğlan liseylərində fəlsəfə müəllimi kimi fəaliyyət göstərib. Tezər Ağaoğlu oğlan məktəbində dərs deyən ilk qadın müəllim olub. Daha sonra Ankara Qız Liseyinin və İstanbul Qız Müəllimlər Məktəbinin müdiri vəzifələrində çalışıb.

1931-ci ildə dönəmin tanınmış həkimlərindən Nimet Taşkıranla evlənib və Vyanaya gedib. 1933-də Türkiyəyə qayıdıb. Bu evlilikdən iki övladı dünyaya gəlib. Qızı Suna arxeologiya, oğlu Mete isə İsveçrədə siyasət üzrə təhsil alıb.

1934-cü ildə Türkiyədə qadınlara parlamentə seçilmək hüququ verilib. 1941-ci ildə Tezər Taşkıran Kastamonudan millət vəkili seçilib. Bu barədə bacısı Sürəyya Ağaoğlu xatirələrində belə yazıb:

“1941-ci ildə qardaşım Səmədi Daxiliyyə vəkili Recep Peker çağıraraq “Bir çox gənci millət vəkili seçmək istəyirik, səni də istəyirik, müraciət elə” deyir. O vaxtlar tək partiyalı rejim olduğu üçün seçkilər təyinatdan o tərəfə getmirdi. Seçki gününün axşamı radioda Səmədin adının oxunacağını gözləyərkən Tezərin adını eşitdik. O da millət vəkili namizədliyini radiodan öyrənmişdi. İnönü, Tezəri Ankara Qız Liseyinin müdiri kimi, eyni zamanda da Maarif Şurasından tanıyırdı və çıxışlarını bəyənirdi. Tezər Kastamonun deputatı oldu. Təbii ki, ailəmiz üçün Tezərin və ya Səmədin uğuru arasında fərq yox idi. Çox sevindik”.

1946-cı il seçkilərində Tezər Qarsın ilk qadın millət vəkili kimi parlamentə seçilib. 1950-ci ildə 10 kişi namizəd arasında ən çox səsi (83 min 14) əldə edərək Qarsdan növbəti dəfə deputat seçilib. Deyilənlərə görə, həmin dönəmdə Qarsda doğulan qız uşaqlarının əksəriyyətinə onun şərəfinə Tezər adı qoyulub.

Millət vəkilliyi dönəmində Tezer Taşkıran təhsil, qadın və uşaq hüquqları ilə bağlı çıxışlar edib, bu sahədə mühüm işlər görür. Məsələn, 11 iyun 1951-ci ildə parlamentdəki çıxışında Taşkıran təhsilsiz vətəndaşlar üçün xüsusi təhsil proqramlarının hazırlanmasını, onlar üçün xüsusi əlifbanın yazılması və gərəkli bilgilərin olduğu kitabların kəndlərə yayılmasını, radio vasitəsilə dərslərin verilməsini təklif edib.

Əsərləri

1928-ci ildə 24 yaşlı Tezər Ağaoğlunun “Suri ve Tatbiki Mantık” adlı liseylər üçün məntiq kitabı çap edilir. O, kitabının bir nüsxəsinin səhifəsinə “Türk qadınlarının xilaskarı Atatürkə” qeydini yazaraq prezidentə göndərir. Atatürk bir toyda onu görərkən ona yaxınlaşır, kitaba görə təbrik edir və ətrafındakılara dönərək deyir: “Görürsünüzmü, bu kiçik qız liseylər üçün məntiq kitabı yazıb, türk qızlarının bu sahədə yetişmələrinə sevinmək lazımdır”.

Daha sonra Atatürk kitabda olan ağır terminlərin yeni, sadə sözlərlə əvəzlənməsinin vacib olduğunu bildirir.
Bu kitaba görə Təhsil nazirliyi onu mükafatladırıb.

Taşkıran “Stüart Mill” (filosofun həyat və yaradıcılığı haqqında), “Suçlu çocuklarımız” (qardaşı Səməd Ağaoğlu ilə birlikdə uşaq islah evində aparılan araşdırma), “Türk əxlaqının ilkələri”, “Qadın hüquqları”, “Vətəndaşın əl kitabı”, “Dədə Qorqud nağılları”, “Kendinseç dağında” və digər kitabların müəllifidir.

Tezer Taşkıran 4 may 1979-cu ildə vəfat edib. Türkiyədə 1987-ci ildən etibarən onun adını daşıyan məktəb fəaliyyət göstərir.

Qardaşı Səməd Ağaoğlu xatirələrində yazır: “Minlərlə tələbə yetişdirdiyi müəllim həyatında və on il millət vəkili olduğu dönəmdə ondan bir nəfər də olsun şikayətçi olmadı”.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər