3 May 2019 21:11
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlətimizin başçısının tapşırıqlarına əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Böyük Britaniyanın tanınmış “Mott MacDonald” şirkəti ilə müqavilə bağlanmış və müqaviləyə uyğun olaraq şirkət tərəfindən Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması konsepsiyasının hazırlanması işləri sürətlə davam edir. Bu işlərin əsas məqsədi paytaxt Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması işlərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdırmaq, paytaxtımızı gözəl məkana çevirməkdir.

İcra hakimiyyətindən Teleqraf.com-a bildiriblər ki, bununla əlaqədar şirkətin 2 mütəxəssisi - Alex Symeonidis və Nick Vilson Bakıdadırlar və onların rəhbərliyi ilə yeni yaradılmış Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Məişət Tullantılarının İdarə Edilməsi üzrə Monitorinq Mərkəzində 2 həftə ərzində ərazidən yığılmış məişət tullantılarının kompozisiyası araşdırılır. Bu müddət başa çatdıqdan sonra yekun nəticələrə əsasən məişət tullantılarının yığılması və daşınması sahəsində yeni innovativ metodların tətbiq edilməsi üçün lazımi qərarlar veriləcək.

Belə ki, məişət tullantılarının yığılma sahəsindən hansı çeşidləmə növlərinin tətbiqi və onların daşınmasında daha səmərəli marşrutlarının təyin olunması istiqamətində işlər aparılır. Bu proses bir neçə ay ərzində başa çatdırılacaq və bu işlərin gedişatına paralel olaraq məişət tullantılarının yığılması üçün xüsusi qabların (konteynerlərin) ölçüləri, rəngləri, üzərində yazılacaq loqolar və ən əsası əhali arasında maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.

Bu layihə uğurla nəticələnəcəyi halda ətraf mühit üçün böyük müsbət təsirlər, həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcək, regiondakı digər şəhərlər üçün də gələcəkdə başlanğıc nöqtəsi olacaq.

Konsepsiya çərçivəsində artıq 3 aya yaxındır ki, Bakı şəhərində işlər gedir, 7 rayonda (Səbail, Nərimanov, Yasamal, Nəsimi, Binəqədi, Nizami və Xətai) məişət tullantıları üçün yeni müasir konteynerlər qoyulub, digər rayonlarda da yeni konteynerlərin qoyulması nəzərdə tutulub. Konsepsiyanın başa çatdırılması və işlərin tam şəkildə həyata keçirilməsi prosesi 2019-cu ilin sonu 2020-ci ilin əvvəlinə nəzərdə tutulub.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılan Monitorinq Mərkəzində Böyük Britaniya “Mott MacDonald” şirkətinın mütəxəssisləri Alex Symeonidis və Nick Vilson ictimaiyyət və mətbuat nümayəndələrinə konsepsiya çərçivəsində görülən və nəzərdə tutulan işlər barədə ətraflı məlumat verib və jurnalistləri maraqlandıran sualları cavablandırıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər