Müqəddəs Ramazan ayı münasibətilə Heydər Əliyev Fondu tərəfindən növbəti iftar süfrəsi Xaçmaz şəhərində təşkil olunub.
Teleqraf.com xəbər verir ki, din xadimlərinin, şəhid ailələri üzvlərinin, Qarabağ müharibəsi əlilləri və imkansız ailələrdən olan insanların iştirak etdikləri iftar mərasimlərində “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb.
Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi və birinci xanım Mehriban Əliyevanın dəstəyi ilə ölkəmizdə həyata keçirilən işlərdən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan danışıb, saflıq və mərhəmətin rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq, ruzi-bərəkət arzulayıblar. Bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən təşkil olunan iftar süfrələri ölkəmizdə hökm sürən milli-mənəvi həmrəyliyi, ənənəvi tolerantlığı və xalqımızın sıx birliyini nümayiş etdirir.
Mərasimdə xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün diləklər edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən övladlarının ruhuna dualar oxunub.