9 Sentyabr 2014 16:12
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (YBƏA) birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində “Qusar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsi üzrə işlər yekunlaşıb.

“Azərsu” ASC-dən Teleqraf.com-a verilən xəbərə görə, layihənin birinci mərhələsində Qusarçayın məcrasında məhsuldarlığı saniyədə 85 litr və ya sutkada 7344 kubmetr olan drenaj tipli suqəbuledici qurğu inşa edilib.

Su mənbəyindən şəhər istiqamətinə 355 və 225 millimetr diametrli borularla 21 kilometr (km) uzunluğunda magistral su xətti çəkilib. Qusar şəhərinə içməli suyun özüaxımlı rejimdə verilməsini təmin etmək üçün hər birinin tutumu 1000 kubmetr olan 3 su anbarı inşa olunub. Eyni zamanda 2,8 km uzunluğunda anbarlararası qidalandırıcı su xətti çəkilib, xlorator qurğusu daxil olmaqla yeni xlorator binası tikilib.

Hazırda layihənin ikinci mərhələsi üzrə işlər davam etdirilir. Bu mərhələdə Qusar şəhərində mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkələri yaradılacaqr. İndiyədək 106,5 km uzunluğunda su şəbəkəsinin 10 km-lik, 102 km uzunluğunda kanalizasiya xəttinin isə təxminən 51 km-lik hissəsində işlər başa çatmış, 400-dən artıq ev birləşməsi verilmişdir. Ümumilikdə 6100-dən çox abunəçi yeni şəbəkəyə qoşulacaq və onların hər biri smart-kart tipli sayğaclarla təmin olunacaq.

Layihə çərçivəsində Qusar şəhəri ilə yanaşı, rayonun Balaqusar, Həsənqala, Köhnə Xudat, Çiləgir, Yuxarı Ləyər, Qayakənd, və Xuray, həmçinin Quba rayonunun Çartəpə, Orta Xuç, Aşağı Xuç kəndlərinə də içməli su veriləcək.

Qusar şəhərində yaranan tullantı suları gələcəkdə Xaçmaz rayonunda inşa ediləcək məhsuldarlığı sutkada 100 min kubmetr layihələndirilən çirkab sutəmizləyici qurğuya ötürüləcək. Bu qurğuda Qusar şəhəri ilə yanaşı, Quba və Xaçmaz şəhərlərinin də tullantı suları təmizlənəcək.

Qeyd edək ki, 2030-cu ilədək perspektiv inkişaf nəzərə alınmaqla “Qusar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsindən Qusar şəhəri və ətraf 10 kəndin 31,5 min nəfər sakini faydalanacaq.

SEVİL


Müəllif:

Oxşar xəbərlər