“Son illərdə Azərbaycanda orta illik temperaturun 1,4 dərəcə yüksəlməsi iqlim dəyişmələrinin göstəricisidir. Bu artım, təbii olaraq, gündəlik maksimum göstəricilərin artmasında özünü daha çox hiss etdirir. Anomal isti günlərin həm sayı, həm də davamiyyəti artır”.
Teleqraf.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında arabir güclənən şimal küləyi iyunun 26-27-də temperaturun 2-3 dərəcə aşağı enməsinə səbəb olacaq: “Növbəti isti günlər isə ayın 28-29-da gözlənilir. İyun ayının 30-dan başlayaraq yenidən şimal küləyi güclənəcək və ilkin proqnoza görə iyul ayının ilk günləri nisbətən sərin keçəcək”.
U.Tağıyeva qeyd edib ki, son günlərdə bu ayın ən yüksək temperaturu qeydə alınıb: “Bakıda 37, Abşeron yarımdasında 39,6, aran rayonlarında isə 40-42 dərəcə isti, bu da iqlim normasından 7,8 dərəcə yüksəkdir. Belə temperatur rejimi Azərbaycanda iyul ayının ikinci yarısı, avqust ayı üçün daha çox səciyyəvidir.İqlim dəyişmələrinin təsirləri temperaturun yüksəlməsi ilə bərabər, həmçinin, təhlükəli hadisələrin artması ilə səciyyələnir. Uzunmüddətli quraqlıqlar, su ehtiyatlarının azalması kimi proseslər iqlim dəyişmələrinə həssaslığı artırır”.
“Xəzər dənizin tərəddüdləri də iqlim faktoru baxımından ölkəmiz üçün aktualdır. 1995-ci ildə qeydə alınan maksimum göstəricidən səviyyənin 1,2 metr aşağı enməsi, sahilyanı infrastruktur layihələrin icrasında səviyyənin ümumi dəyişikliyinin nəzərə alınmasını vacib edir.Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da təhlükəli hidrometeoroloji hadisələr fəsadlarla nəticələnir, şiddətli küləklər, dolu prosesləri, daşqınlar, sel hadisələri daha tez-tez qeydə alınır”- deyə o əlavə edib.