3 İyul 2019 10:34
2 558
12 Punto 14 Punto 16 Punto 18 Punto

101 il bundan əvvəl yaranmış Azərbaycan polisinin ilk nümayəndələrindən biri də Gəncə Şəhər Polis İdarəsinin ilk əməliyyat müvəkkili işləmiş, 1931-ci ildə repressiya olunan Mədət Məşədi Kərim oğlu Quliyevdir. Belə vətənpərvər ruhlu polis işçilərinin sayəsində AXC-nin Daxili İşlər Nazirliyi və onun polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində böyük rol oynayıb.

1918-ci ilin əvvəllərində Bakı quberniyası Xalq Komissarları Sovetinin sədri S.Şaumyan göstəriş vermişdi ki, Gəncədə hərbi alayların ixtiyarında olan bütün silahlar ermənilərin əlində cəmləşdirilsin. Əslində isə Zaqafqaziya Seyminin qərarı belə idi ki, çar dönəmindən Gəncədə yerləşən hərbi hissələrin, eləcə də 216-cı alayın silah və sursatları yeni yaradılan Gəncə müsəlman alayına verilsin. Amma ermənilər buna mane oldular, hər cür hiylə və üsuldan istifadə edərək 216-cı alayın silahlarını öz əllərinə keçirdilər. Sonra da əvvəlki ənənələrinin coğrafiyasını genişləndirərək Gəncədə azərbaycanlıların kütləvi qırğınlarını təşkil etmək üçün hazırlıq işləri aparmağa başladılar.

Təpədən-dırnağadək silahlanmış ermənilər müsəlman məhəllələrinə hücum edir, iğtişaşlar törədirdilər. Demək olar ki, şəhərdə hər gün ermənilərlə azərbaycanlılar arasında qanlı toqquşmalar baş verirdi. Bakı komissarlarından olan Arsen Əmiryan isə bu iğtişaşlara əsassız olaraq vətəndaş müharibəsi statusu verməyə çalışırdı. Azərbaycan vətəndaşı olmayan bolşevik-erməni qruplaşması Bakını zəbt etdikləri kimi, Gəncədə də hakimiyyəti boğmağa çalışırdılar. Şəhərdə baş verən gözlənilməz hadisələr dövrün digər vətənpərvər gəncləri kimi Mədətin də diqqətini cəlb edir və hadisələrin iştirakçısına çevirirdi.

Belə çətin anlarda gənc Mədət Balabağmanda təşkil olunan könüllü özünümüdafiə dəstəsinin başçısı kimi əhalinin erməni terrorundan və bolşevik-daşnak hücumlarından müdafiə olunmasında əlindən gələni əsirgəmirdi. Mədət hələ gimnaziyada oxuduğu illərdən haqqı-ədaləti müdafiə etməyi çox sevirdi. Gəncənin qədim məhəllələrindən sayılan Balabağmanın ağsaqqallarından olan atası Məşədi Kərim kişi onu belə böyütmüşdü.

Süquta uğramış çar imperiyasının başsız qalmış ordu əsgərləri Türkiyənin Şərq cəbhəsindən evlərinə qayıdarkən (1918-ci il 9 yanvar) Gəncə Müsəlman Komitəsinin təşəbbüsü ilə onları Şəmkir stansiyası yaxınlığında tərksilah edənlər arasında Mədət Quliyev də var idi. Ön vaqondakı əsgərlərdən silahları təhvil alarkən Mədətin yanında Gəncə gimnaziyasının tələbəsi Məhəmməd Rəfiyev, gimnaziyanın sinif müəllimi Yaqub Rəfizadə və İsfəndiyar Mehdizadə ermənilər tərəfindən açılan top atəşi nəticəsində həlak olurlar. Mirzə Əliəkbər Hüseynzadə ağır yaralanır. Təsadüf nəticəsində sağ qalan Mədət həmyaşıdı Məhəmmədi güllə yağışı altından çıxararkən öz həyatını təhlükə qarşısında qoyur. Nə qədər çalışsa da, Məhəmməd sağ qalmır. Silahların təhvil alınmasında, yaralıların xəstəxanalara yerləşdirilməsi və imkanlı adamlardan kimlərəsə həvalə olunmasında Mədət əlindən gələni əsirgəmir.

Bir aya yaxın davam edən "eşelon davası”nda Mədətin fədakarlığı Gəncə Müsəlman Komitəsi rəhbərlərinin diqqətindən yayınmır. "Dava” başa çatan kimi Nağı bəy Şeyxzamanlının tövsiyəsi ilə o, "Əksinqilab ilə Mübarizə Təşkilatı”nın sıralarına qoşulur.

1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyskinin əmri ilə polis orqanları yaradılanda Mədət Quliyev şəhər polis sistemində işləməyi özünə şərəf bilir. Cümhuriyyətin "Əksinqilabla Mübarizə Təşkilatı”nın dəstəyi ilə Gəncə Şəhər Polis İdarəsində baş əməliyyatçı vəzifəsinə təyin edilir.

Avqustun sonlarında, Andranikin köməkçisi general Dro Konanyanın tapşırığı ilə 100 nəfərdən çox silahlı erməni Gəncədə iğtişaşlar törətmək, erməniləri üsyana qaldırmaq, müsəlmanları qırıb Milli hökumət quruculuğuna mane olmaq istəyirdi. Bundan bir neçə ay əvvəl həmin silahlıların bir qrupu Gədəbəy tərəfdən Şəmkir istiqamətinə hərəkət edərkən Mədətin xəbərdarlığı ilə gədəbəyli Məcid ağanın dəstəsi onların qarşısını almışdı.

İstəyinə nail ola bilməyən general Dro neçə vaxt idi ki, özünə yer tapa bilmirdi. Odur ki, bu dəfə Həsənnənə və Həsənbaba dağlarının yanından keçərək Qabaqtəpə, Xoşbulaq və Zağalı kəndlərinin müsəlman əhalisini qətlə yetirməyi, Yuxarı Daşkəsən və Bayan kəndindəki ermənilərlə birləşib, oradan Gəncəyə hücum edib, erməniləri üsyana qaldırmağı planlaşdırır.

Bu xəbər Mədət Quliyevə çatır.

Mədət qabaqtəpəli dostu Tərlan Məmmədi yanına çağırtdırıb tapşırır ki, "qapında xeyli qoyun-quzun var, cavan uşaqlar otarır, onlara etibar eləmirəm, bu gündən özün qalxarsan Səbətkeçməzin üstündəki Çalmalı dağına, guya oralarda qoyun otarırsan, gözün yolda-izdə olsun, ermənilər görünən kimi kəndə xəbər edərsən. Çanaxçı Sarı Qafarla şəmkirli Morul Məmməd öz dəstəsi ilə dağın döşündə sənin işarəni gözləyəcəklər”.

Mədət Quliyev sonra Sarı Qafarla görüşür, Tərlan Məmmədə verdiyi tapşırığı ona da açıqlayıb deyir: "Daşnaklar Səbətkeçməzdə dərənin dibi ilə yolu yarı edəndə Tərlan Məmməd səs-küy salacaq, onda sənin adamların arxadan, Morul Məmmədin dəstəsi qabaqdan, səsə gələn kənd camaatı da sağdan-soldan... öz işinizi görərsiniz”.

General Dronun əmri ilə yüzə yaxın erməni silahlısı avqustun axırında Göyçədəki düşərgələrindən Dəstəfur bölgəsinə istiqamət götürür. Həsənnənə və Həsənbaba dağlarının arasından keçib gələn yarı atlı, yarı piyada dəstəni Tərlan Məmməd uzaqdan görür və onların hərəkətini ləngitmək üçün yollarının üstünə iri qaya parçaları dığırlayır, kəndə atlı çapar göndərir...

Daşnaklar Səbətkeçməzi çətinliklə yarı edəndə qəfil atışmada geri qaçanları Morul Məmmədin, irəli gedənləri Sarı Qafarın adamları atəşə tutur. Dağlara, meşələrə qaçmaq istəyən daşnakları isə əliyabalı kənd camaatı "qarşılayır”.

Bir erməni zabiti aradan salamat çıxmaq istəyəndə Morul Məmməd yanındakılara deyir: "Onu diri tutmasam, Mədət lələm məndən inciyər!”. Düşür onun dalınca, erməni qaçır, amma Xoşbulağa çıxhaçıxda onu yaxalaya bilir, nəfəsini kəsib, silahını götürüb geri qayıdır.

Gəncəlilər sonralar bilirlər ki, qabaqtəpəli Tərlan Məmmədin adı ilə dildə-ağızda gəzən Səbətkeçməz döyüşlərinin baş qəhrəmanı gəncəli Mədətdir. Bundan iki ay sonra cümhuriyyətin daxili işlər naziri Fətəli xan Xoyskinin əmri ilə Mədət Quliyev Gəncə həbsxanasına baş nəzarətçi təyin edilir. Təəssüf ki, cümhuriyyətin ömrü qısa olur. Milli hökumət 1920-ci ilin aprelində XI Ordu tərəfindən süquta uğradılır.

Bu zaman bolşeviklər kadr çatışmazlığı ucbatından bəzi peşəkar və təcrübəli işçilərə, o cümlədən Mədət Quliyevə hələlik dəymirlər. O, 1922-ci ilə kimi bu vəzifədə işləyir. İşini mükəmməl bildiyinə görə onu hətta irəli çəkirlər, daha məsul vəzifəyə yüksəldirlər: Gəncə İnqilab Komitəsi özlərinə tabe edə bilmədikləri məşhur qaçaq Dəli Alının və Kürboyu ormanlarda qaçaqların qurşunundan ötüşmək üçün Mədəti 1922-ci ildə Qasım İsmayılov (indi Goranboy) Rayon Milis İdarəsinə rəis təyin edirlər.

Bir müddətdən sonra isə "Gəncə üsyanı”nın əsas iştirakçılarından biri - Gəncə Qəza Komitəsinə və bolşeviklərə qan udduran Qaçaq Məmmədqasımla və onun qohum-əqrabası ilə üz-üzə qoymaq üçün Samux rayon Milis İdarəsinə rəis təyin edirlər. Gəncə İnqilab Komitəsinin qapalı iclaslarında Mədət Quliyevdən Qaçaq Məmmədqasımın, Sarı Qafarın, Şəmkir qaçaqlarının başçısı Ramazan oğlu Rüstəmin və Təhməzin, habelə onların dəstə üzvlərinin, patron və ərzaq sarıdan gizli kömək edənlərin, bir sözlə, qaçaqlarla əlaqəsi olan hər kəsin tutulub tezliklə ÇK-ya təhvil verilməsi tələb olunsa da, Mədət bu işə qol qoymurdu.

İnqilab Komitəsi Qaçaq Məmmədqasımın yerini Çeyrançöldə, ya Kür qırağı ormanlarda öyrənib-biləndə dərhal həmin əraziyə hücum əməliyyatı hazırlayırdı. Hücum əməliyyatının vaxtı dəqiqləşəndə milis rəisi Qaçaq Məmmədqasıma və Şəmkir qaçaqlarının başçısı Ramazan oğullarına yerlərini dəyişmək üçün qardaşı Söyün, ya da Qulu vasitəsi ilə xəbər çatdırırdı.

İnqilabi hökumətin yüz faizlik qələbəyə hesablanan əməliyyatları hər dəfə uğursuzluqla nəticələnəndə, ordu əsgərləri kütləvi şəkildə itkiyə məruz qalanda Qəza Komitəsinin rəhbərləri əvvəl bir-birindən, sonra da Mədət Quliyevdən şübhələnirlər. Az müddətdə məsələni yerli satqınların vasitəsi ilə tam dəqiqləşdirirlər. Bundan sonra NKVD işçiləri Mədət Quliyevi işdən çıxarıb, həbs etməyi planlaşdırırlar. Çox keçmir ki, bunun üçün əsas tapılır: Samux sakini Səttar münaqişə zəminində həmkəndlisini öldürür. Aylarla gedən istintaqdan sonra güllələnmə veriləcəyi söylənilən Səttarın məhkəmədə cəzası 10 il azadlıqdan məhrumetmə ilə yekunlaşır.

NKVD müstəntiqləri Səttarın güllələnmə cəzasının 10 illik həbslə əvəzlənməsində Mədət Quliyevi günahkar bilirlər. Guya Mədət Quliyev müqəssirin atası Cabbar kişidən küllü miqdarda rüşvət alıb, məhkəmə işçiləri ilə danışığa gedib... Buna görə Azərbaycan Dövlət Siyasi İdarəsinin əməkdaşları 1923-cü ildə Mədət Quliyevi həbs edirlər. İki il Bakıda NKVD zirzəmilərində işgəncələrə məruz qalandan sonra onun "cinayət işi” baxılmaq üçün Gəncə Dairə Məhkəməsinə göndərilir. "Cinayət işi”nin məhkəmə protokolları ilə tanışlıqdan məlum olur ki, hakim Baxşəli Adıgözəlovun sədrliyi ilə keçən məhkəmə iclasında Mədət Quliyevin haqqında deyilənlər sübuta yetirilmədiyindən o, 1925-ci ildə azadlığa buraxılır.

Bir ildən çox işsiz qalan Mədət Quliyev Xoşbulaq massivinə meşə nəzarətçisi düzəlir. Mədətin məhkəmələrdən salamat qurtarmağını, belə bir işə düzəlməyini həzm edə bilməyən bolşeviklər onun hər addımına göz qoyurlar. Hansı yolla olursa-olsun onu aradan götürməyə çalışırdılar. Günlərin birində onunla birlikdə Xoşbulaqda meşə nəzarətçisi işləyən Karapet Mirzoyanın meyiti yol kənarında tapılanda NKVD əməkdaşları üçün əlverişli məqam yaranır.

Dərhal Mədəti dövrün ciddi cəza tədbirlərindən olan səsvermə hüququndan məhrum edirlər. Azərbaycan Dövlət Siyasi İdarəsinin (DSİ) məsul işçisi, milliyyətcə erməni Davud Asaturovun (Asaturyan) rəhbərliyi ilə Mədət Quliyev həbs olunur. Davud Asaturyan bu "ölüm işi”ni daha da "zənginləşdirmək” üçün Mədət Quliyevi yeni quruluşa qarşı daim mübarizə aparan şəmkirli "bandit” Morul Məmmədə, Pirverdiyə, dəstəfurlu Sarı Qafara və başqa qaçaqlara silah verməkdə, onlarla dostluq münasibətləri saxlamaqda günahlandırır. Lakin Mədətin xətrini istəyən dostları, tanışları bu haqsızlığın qarşısını almaq üçün əllərindən gələni edib Mədət Quliyevin azadlığa buraxılmasına nail olurlar.

Mədət ailəli idi, on il olardı ki, sevib-seçdiyi Xədicə xanımla mehriban dolanırdı, iki övlad atası idi, oğlu Qəzənfərin 9, qızı Qiyafənin 6 yaşı vardı. Siyasi İdarə işçilərinin onu izləməsindən şübhələnmişdi. Odur ki, işini bir az ehtiyatlı görürdü - günün çoxunu evdə - uşaqları ilə bir yerdə olurdu. Hektara yaxın üzüm bağı, 40-45 qoyun-quzusu, bir atı, bir sağmal camışı vardı. Hərdən boş vaxtlarını bağda keçirirdi, axşamtərəfi qapı-qonşularla söhbətləşməyi, hal-əhval tutmağı çox sevirdi. Ancaq ermənilərin müsəlman məhəllələrinə arasıkəsilməz təcavüzlərini eşidəndə dayana bilmirdi. Dərhal qara atını yəhərləyər, könüllülərdən qalma dost-tanışı başına yığıb quldurların "dərsini” verməyə gedərdi. Ümumiyyətlə, Mədət Quliyev milli ideyalarla yaşadığı üçün bolşeviklər onu çox təhlükəli hesab edirdilər. Odur ki, Gəncə erməniləri, xüsusilə bolşeviklərlə əlbir olan daşnaklar insanlarda milli mənlik və vətənpərvərlik hissini öldürmək üçün dəridən-qabıqdan çıxırdılar. İğtişaş törətmək, kimi isə aradan götürmək istəyəndə Mədət Quliyev kimi güclü bir şəxs onlara mane olurdu.

Bütün bunlara son qoymaq, habelə məşhur qaçaq Sarı Qafarla, Morul Məmmədlə, İsax Salahovla, Ramazan oğulları ilə, samuxlu Məmmədqasımla əlaqəsinə, əksinqilabi fəaliyyətinə görə 1930-cu il noyabrın 30-da Dövlət Siyasi İdarəsinin əməkdaşları Mədət Quliyevi növbəti dəfə həbs edirlər.

Dövlət Siyasi İdarəsində işgəncələrə məruz qalan, iki aydan artıq aramsız dindirilən Mədət Quliyevin "497 №-li cinayət işi”nin protokollarından məlum olur ki, həbsi də, istintaqı da DSİ-nin əməkdaşı Sarkisov soyadlı şəxs icra edib. Mədət Quliyevin işinin istintaqı 1931-ci il fevral ayının 16-da başa çatmış, bundan bir gün sonra o, Fövqəladə Komissiyanın qərarı ilə güllələnmişdir.

Gəncə Şəhər Baş Polis İdarəsinin istər təqaüddə olan veteranları, istərsə də bu gün xalqın asayişini ləyaqətlə qoruyan əməkdaşları söhbətlərdən nağıl qəhrəmanını xatırladan Mədət Quliyevi daim yaxşı əməliyyatçı, işgüzar, vətənpərvər və peşəkar polis işçisi kimi xatırlayırlar.

* * *

Azərbaycan Xalq Cümhuriyyətinin fəallarından olan Mədət Məşədi Kərim oğlu Quliyevə SSRİ Ali Soveti Rəyasət Heyətinin "1930-1940-cı illər və 1950-ci illərin əvvəllərində baş vermiş repressiyalara münasibətdə ədalətin bərpa edilməsinə dair əlavə tədbirlər haqqında” 16 yanvar 1989-cu il tarixli fərmanına əsasən bəraət verilmişdir.

"Azərbaycan” qəzeti


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər