Dünya dövlətləri sırasında özünəməxsus yeri olan Azərbaycanın dünya birliyinə inteqrasiyası, beynəlxalq təşkilatlarla əməkdaşlığı müstəqilliyin ilk illərində həyati əhəmiyyət daşıyırdı. Qısa müddət ərzində ölkəmiz dünyanın nüfuzlu ölkələrilə diplomatik münasibətlər qurdu, beynəlxalq qurumlara üzv oldu. Başlanğıcda Azərbaycanla bəzən ədalətsiz tələb, öhdəlik və ağır şərtlər dili ilə danışan həmin qurumlar zaman keçdikcə rəsmi Bakı ilə münasibətlərini real vəziyyətə uyğun qurdular. Beynəlxalq birliklərin müstəqil hüquqi subyekti və bərabərhüququlu üzvü olan Azərbaycan dövləti ali qurumlardan ölkəmizə qarşı obyektiv yanaşma siyasəti sərgiləmələrini tələb etdi və buna nail oldu.
Artıq Azərbaycan xairici siyasi kursunda balans axtarmır, milli maraqların diqtəsini əsas götürür.
Öncə milli maraqlar
Azərbaycan Prezidenti cənab İlham Əliyev də çıxışlarının birində bu məsələyə toxunaraq ölkəmizin xarici siyasi kursu ilə bağlı kluarlarda dolaşan söz-söhbətlərə nöqtə qoydu.
“Bəzi xarici mətbu orqanlarda, ekspert cəmiyyətlərində belə bir fikir söylənilir ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparır və elə bil ki, bu regionda balans axtarır. Bu, belə deyil. Biz balans axtarmırıq. Biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq. Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Deyə bilərəm ki, buna müvəffəq olmuşuq. Biz bu coğrafiyada, bu regionda yaşayırıq. Əlbəttə ki, qonşularla əlaqələrimiz xüsusi əhəmiyyət daşıyır, hər bir ölkə üçün. Mən hesab edirəm ki, hər bir ölkə istəyər ki, onun qonşuluğunda dost bir ölkə olsun. Biz son illər ərzində bütün qonşularla, - təbii ki, Ermənistan istisna olmaqla, - dostluq münasibətlərimizi daha da gücləndirmişik, yeni səviyyəyə qaldırmışıq. Həm ikitərəfli formatda, həm də bizim təşəbbüsümüzlə qonşularla artıq üçtərəfli və hətta dördtərəfli əməkdaşlıq formatı mövcuddur. Onu da bildirməliyəm ki, bunun təşəbbüskarı da Azərbaycandır”, deyə Prezident İlham Əliyev qeyd edib.
Siyasi ekspertlər hesab edir ki, Azərbaycan nəinki yaxın qonşularla, hətta daha böyük coğrafiyanı əhatə edən əməkdaşlıq formatı yaradır.
Maraqlı məqamlardan biri də odur ki, Azərbaycan son illər beynəlxalq təşkilatların mötəbər tədbirlərinin keçirildiyi məkana çevirilib.
Niyə məhz Bakı?
Elə bu yazı hazırlanarkən Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirildi. İyunun 30-da start götürnən sessiya iyulun 10-a qədər davam etdi. Sessiyada bir sıra vacib qərarlar qəbul olundu ki, bu barədə bir qədər sonra bəhs edəcəyik. Sessiyanın keçirildiyi ərəfədə NATO ilə Rusiya arasında danışıqlar aparmaq üçün məkan kimi yenə də Azərbaycan seçildi. Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters ilə danışıqlar apardı. Xatırladaq ki, ötən ilin dekabr ayında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Bakıda görüşüblər. Bakının növbəti dəfə qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsinin səbəbləri var. Azərbaycan onların görüşə biləcəyi yeganə məkandır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələri ölkəmizin bu statusunu daha da möhkəmləndirib. Belə mühüm görüşlərin Bakıda keçirilməsinin əsas səbəblərindən biri Azərbaycan liderinin şəxsi nüfuzu və dövlətimizin regional və qlobal proseslərdə aktiv rol alması ilə bağlıdır. Azərbaycan nə NATO-nun, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil. Amma ABŞ, Avropa və Rusiya ilə çox yaxşı münasibətləri olan, onların hörmət bəslədiyi ölkədir.Azərbaycan təkcə yerləşdiyi regionda deyil, həm də daha geniş miqyasda sabitləşdirici rol oynayır. Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır. Ona görə də həm NATO, həm Rusiya Azərbaycan etibar edir və danışıqların aparılması üçün də məkan olaraq həmişə Azərbaycanı seçirlər. Sülh və dialoq məkanı kimi növbəti dəfə Bakının seçilməsi Azərbaycanın beynəlxalq miqyasda rolunu və nüfuzunu daha da artıran amildir.
Əlavə olaraq eyd edək ki, elə bu il iyunun 20-21-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının 53-cü plenar sessiyası, iyunun 24-26-da Heydər Əliyev Mərkəzində BMT-nin Dövlət Xidmətləri Forumu keçirilib. Göründüyü kimi, qısa zaman ərzində ölkəmizdə bir neçə mötəbər tədbir keçirilib.
UNESKO ilə əməkdaşlıq
İl ərzində Azərbaycanda keçirilən beynəlxalq səviyyəli tədbirlərin, yarışların adlarını yazımıza əlavə etsək, uzun bir siyahı alınar.
Az öncə qeyd etdiyimiz kimi Bakıda keçirilən sonuncu mötəbər tədbirlərdən biri Azərbaycanın dünya birliyinə inteqrasiyasında ən vacib və ən parlaq səhifələrindən biri Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası oldu.
Bu mötəbər qurumun toplantısının Bakıda keçiriməsi ölkəmizin dünyan birliyinə necə inteqrasiya olmasının, beynəlxalq təşkilatlarla əməkdaşlığının hansı səviyyədə qurmasının bariz nümunəsidir.
Sessiyada ən vacib məqamlardan biri Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi oldu.
UNESKO-nun məramı dünyada ölkələr arasında adından da göründüyü kimi elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq körpüsü salmaqdır. Məqsəd beynəlxalq miqyasda sülhə və təhlükəsizliyə töhfələr verməkdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra əksər mötəbər beynəlxalq təşkilatlarla olduğu kimi UNESKO ilə də əməkdaşlığa başlayıb. Artıq 27 ildir ki, respublikamız UNESKO ilə fəal əməkdaşlıq həyata keçirir.
Bu təşkilatla Azərbaycan arasında əlaqələrin təməlinin qoyulmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin böyük xidmətləri var. Ulu Öndər 1993-cü ilin dekabrında Fransaya səfəri zamanı UNESKO-nun Baş direktoru ilə görüşü zamanı Azərbaycanla bu təşkilat arasında əlaqələri müzakirə edib. Təşkilatın qaydalarına görə, üzv dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini bu təşkilatın işi ilə əlaqələndirmək üçün ilk növbədə Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Ulu Öndər Heydər Əliyev Fransaya səfərdən sonra, 1994-cü il fevralın 21-də UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılması barədə sərəncam imzalayıb.
Prezident İlham Əliyev də bu mötəbər təşkilatla əlaqələrin inkişaf etdirilməsinə böyük diqqətlə yanaşır. 2004-cü ilin sentyabr ayında Azərbaycanın UNESKO yanında Daimi Nümayəndəliyi təsis edilib. 2006-cı ildə isə ölkəmiz UNESKO-nun "Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasını təsdiq edib.
Bu gün Azərbaycanla UNESKO arasında sıx əməkdaşlıq münasibətləri mövcuddur. Təbii ki, bu qurumlar əlaqələrin son illərdə yüksələn xətlə inkişafında, möhkəmləndirilməsində, milli-mədəni irsimizin UNESKO xətti ilə bütün dünyada təbliğində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətləri əvəzsizdir. 1995-ci ildən etibarən rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə festivallar, sərgilər, mədəniyyət tədbirləri və konsertlər təşkil etməklə, xanım Mehriban Əliyeva ölkəmizin mədəni irsinin təbliğinin, onun milli və regional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində böyük xidmətlər göstərib. Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə xanım Mehriban Əliyeva Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb. Bu gün muğamsevərlərin istifadəsində olan bu mərkəz həm də beynəlxalq musiqi tədbirlərinin keçirilməsi üçün unikal məkandır.
Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə verdiyi töhfələr UNESKO-nun diqqətindən yayınmayıb. 2004-cü il avqustun 13-də Mehriban Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə UNESKO-nun "Xoşməramlı səfiri” adına layiq görülüb. Mehriban Əliyeva mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsindəki xidmətlərinə görə UNESKO-nun "Qızıl Motsart” medalı ilə də təltif edilib.
Məhəmməd Füzulinin 500 illik, "Kitabi-Dədə Qorqud” dastanının 1300 illik, N.Tusinin 800 illik, Mirzə Kazımbəyin 200 illik, akademik Yusif Məmmədəliyevin 100 illik, rəssam-xalçaçı Lətif Kərimovun 100 illik, "Leyli və Məcnun” operasının ilk tamaşasının 100 illik, akademik Musa Əliyevin 100 illik, yazıçı Mir Cəlal Paşayevin 100 illik, rəssam Səttar Bəhlulzadənin 100 illik, İlyas Əfəndiyevin 100 illik, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik, Üzeyir Hacıbəylinin "Arşın mal alan” musiqili komediyasının 100 illik, "Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illik yubileylərinin UNESKO səviyyəsində qeyd edilməsi ölkəmizlə bu təşkilat arasındakı uğurlu əməkdaşlığın bariz nümunəsidir. Bütün bunlarla yanaşı, Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, tar ifası, Novruz bayramı, kəlağayı sənəti, Lahıc misgərlik sənəti UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Eyni zamanda Qız Qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb.
Azərbaycanın tələbi
Yuxarıda qeyd etdiyimiz kimi, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası, o cümlədən Bakıda keçirilən digər mötəbər tədbirlər ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlıq səviyyəsinin müəyyənləşdirmək üçün barometr rolunu oynayırlar.
Azərbaycan həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, Avropa Komissiyası, Avropa Şurası, BMT və ondan sonra ən böyük təşkilat olan Qoşulmama Hərəkatı, NATO kimi təşkilatlarla sıx əməkdaşlıq edir.
2012-ci ildə ölkəmizdə keçirilən Evrovision musiqi yarışması, 2015-ci ildə Birinci Avropa Oyunları, “Formula-1” yarışları Azərbaycanın dünyanın vacib subyekti olduğunu bir daha təsdiqlədi. da tanıdılması baxımından böyük fürsət oldu.
Hazırda Azərbaycanın dünya dövlətlərindən və beynəlxalq təşkilatlarından ən böyük tələbi Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı birmənalı mövqe ortaya qoymalarıdır. Bu mövqe beynəlxalq hüquqa söykənməklə Azərbaycanın ərazi bütövlüyünün tezliklə təmin edilməsinə xidmət etməli, işğalçı ölkəyə qarşı təzyiq edilməsini özündə ehtiva etməlidir. Bir sözlər, hazırda Azərbaycanın dünya ictimaiyyəti qarşısındakı istəyi daha məntiqli və daha qanuni görünür, nəinki beynəlxalq təşkilatların Rəsmi Bakıdan olan tələbləri.
Ruslan Xəlilov
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.