11 İyul 2019 16:44
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 10-da Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı xanım Dunya Miyatoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Baş prokuror Avropa Şurası ilə əməkdaşlığa böyük önəm verdiyini xüsusi vurğulayaraq, müstəqillik əldə etdikdən sonra xalqımızın ümumilli lideri Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş məqsədyönlü işlər barədə ətraflı məlumat verib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə-hüquq islahatlarının uğurla davam etdirildiyini bildirən Baş prokuror, müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsi sisteminin formalaşdırılması, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər, eləcə də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görülmüş işlər barədə qonaqları məlumatlandırıb.

Daha sonra xalqımızın ağrılı yeri olan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin 20% ərazisinin erməni işğalı altında olması, 1 milyondan artıq qaçqın və məcburi köçkünlərimizin doğma yurdlarından didərgin düşməsini qeyd edən Baş prokuror, Ermənistanın işğalına məruz qalmış ərazilərimizdə qondarma “məhkəmələrin” qurulduğunu bildirib, Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz doğma torpağında casus adı ilə həbs edilərək əsirlikdə saxlanılmasının insan hüquqlarının pozuntusunun bariz nümunəsi olmasını Dunya Miyatoviçin diqqətinə çatdırıb.

Azərbaycanla bağlı bağlı xoş təəssuratlarını bildirən xanım Dunya Miyatoviç, Avropa Şurasının insan hüquqları üzrə komisarı vəzifəsində Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edərək, qaçqın və məcburi köçkünlərin üzləşdiyi çətinliklərin həlli istiqamətində səylərini əsirgəməyəciyini vurğulayıb, Avropa İnsan Hüquqları Konvensiyasının müəyyən etdiyi standartlar, eləcə də ölkəmizdə vəkillərin fəaliyyəti ilə bağlı danışıb.

Həmçinin söhbət zamanı dövlətimizin beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına sadiqliyinin bariz nümunəsi kimi prokurorluq orqanları tərəfindən cinayət işlərinin istintaqı, dövlət ittihamının müdafiəsinin və qanunların icrasına nəzarətin həyata keçirilməsi sahəsində fəaliyyəti zamanı insan hüquq və azadlıqlarının qorunmasının əsas prioritet olması qonağın nəzərinə çatdırılıb.

Görüşdə maraq kəsb edən sahələr üzrə səmərəli fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti vurğulanaraq digər konkret mövzular ətrafında faydalı fikir mübadiləsi aparılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər