“Sağlam həyat naminə erkən nikaha yox deyək” adlı layihə çərçivəsində Hacıqabul rayonunda tədbir keçirilib. Layihənin əsas məqsədi erkən nikah hallarının yaratdığı fəsadlar haqqında cəmiyyətin müxtəlif təbəqələrinin məlumatlandırılması və Respublikamızda erkən nikah hallarının qarşısının alınmasıdır.
Teleqraf.com xəbəbr verir ki, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zeynəb Əsgərova Komitə tərəfindən cəmiyyətin müxtəlif təbəqələri arasında erkən nikah halları ilə mübarizə istiqamətində keçirilən bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söz açıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Respublikamızda erkən nikah hallarının qarşısının alınması məqsədilə aparılan uğurlu siyasətdən, Komitənin bu istiqamətdə paytaxda və regionlarda mütəmadi olaraq həyata keçirdiyi müxtəlif tədbirlərdən bəhs edib və bütün aidiyyəti dövlət qurumlarının erkən nikah hallarına qarşı birgə fəaliyyətinin önəmini bir daha vurğulayıb.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov “Sağlam həyat naminə erkən nikaha yox deyək” adlı təqdimatla çıxış edib. O, Respublikamızda nikah, boşanma, erkən nikah halları ilə bağlı statistik göstəricilər haqqında qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulmuş bütün müddəalarla tədbir iştirakçılarını tanış edib.
Hacıqabul Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Sirac Əsgərov çıxışı zamanı rayonda nikah, erkən nikah, boşanma və.s məsələlərlə bağlı statistikanı tədbir iştirakçılarının nəzərinə çatdırıb, rayonda bu istiqamətdə aparılan layihələr haqqında məlumat verilib. Müzakirələr zamanı Hacıqabul Rayon Polis şöbəsinin əməkdaşı, polis mayoru Elnur Qarayev, İkinci Udlu kənd icra nümayəndəsi Əmrə Süleymanov, Təhsil şöbəsinin müdir müavini Balaxanım Ələskərova, Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin müavini Fatma İsmayılova, Rəyclər kəndinin icra nümayəndəsi Xəlfəli İsrafilov tədbir iştirakçıları ilə öz fikirlərini bölüşmüş, müvafiq təkliflər dinlənilib.
Sonda tədbir iştirakçılarına Komitə tərəfindən nəşr olunmuş maarifləndirmə vəsaitləri paylanılıb.
İlhamə