9 Avqust 2019 12:03
389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün “Xəzər” markalı daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edib.

Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli ölkəmizin dinamik iqtisadi inkişafı şəraitində güclü sosial siyasətin həyata keçirildiyini, o cümlədən həssas qruplara dövlətin qayğısının artmaqda davam etdiyini vurğulayıb.

O bildirib ki, cari ilin ötən dövründə Prezident İlham Əliyevin uğurlu sosial islahatlar paketi əmək haqlarının, pensiya, müavinət və təqaüdlərin ciddi şəkildə artmasına səbəb olub.

Nazir müavinin sözlərinə görə, bu islahatlar 4,2 milyon insanın rifahına ciddi dəstək olub.

V.Nəsirli qeyd edib ki, 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi nəzərdə tutulub, hazırda təqdim olunanlar da daxil olmaqla onlardan artıq 280 avtomobil verilib.

Nazir müavini deyib ki, bununla da indiyədək müharibə əlillərinə 6424 minik avtomobili verilib. Həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 2019-cu ildə azı 800 mənzil verilməsi planlaşdırılıb, bu ilin ötən dövründə onlardan artıq 110 mənzil təqdim edilib. Ümumilikdə bu vaxta qədər 6764 şəhid ailəsi və müharibə əlili nazirlik tərəfindən mənzillə təmin olunub.

Avtomobillə təmin olunan müharibə əlilləri dövlətin bütün sahələrdə onlara göstərdiyi qayğıdan məmnun olduqlarını qeyd edib, onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək qayğıya, o cümlədən yeni avtomobillərlə təmin edildiklərinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər