14 Avqust 2019 14:32
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sosialist lider Lev Trotskinin İstanbulun Böyükadasında viranəyə çevrilmiş bir evi var. Ötən gün həmin evin xarabalıqlarını “uzaqdan” izlədim. Müharibədən sonrakı dağılmış yuvaları xatırladan, “Tanrı lənəti”nə məruz qalan bu ev Böyükadaya gələn turistlərin ara-sıra ziyarət etdiyi məkanlardandır.
Xaraba qalmış evə giriş qadağandır. Ona görə də turistlər daş hasarın üzərindən həyətə tullanır, evin ətrafını gəzir, şəkil çəkdirirlər.
Trotskinin qaldığı bu ev zaman-zaman Türkiyə mətbuatında gündəmə gəlib. Məşhur tarixçi İlbər Ortaylı 2010-cu ildə bir məqaləsində belə yazıb: “Bu evi Belçika və Meksikadakı kimi Trotski muzeyinə çevirsələr, yaxşı olar, ada turizmi də bundan qazanardı”.
İlbər Ortaylının yazısından 9 il ötsə də, ev viranəliyini qoruyur, orada hər hansı bir təmir işi aparılmır.
Trotski kimdir?
Lev Trotski 1896-cı ildən sosial-demokrat hərəkatına qoşulub. 1904-cü ildən bolşevik və menşeviklər birliyi fraksiyasında iştirak edib, 1905-1907-ci illərdə Petroqradda fəhlə deputatlar sovetinin lideri olub. Həmin illərdə "İzvestiya" qəzetinin, 1908-1912-ci illərdə isə "Pravda" qəzetinin redaktoru olub. Oktyabr inqilabında sonra 1917-1918-ci illərdə sovet dövlətinin xarici məsələlərinə, 1918-1925-ci illərdə isə hərbi məsələlərinə başçılıq edib. Qanlı Qırmızı ordunun qurucularından olub. Leninin ölümündən sonra Stalinlə hakimiyyət uğrunda mübarizəsi 1924-cü ildə onun məğlubiyyəti ilə nəticələnib, 1927-ci ildə partiyadan çıxarılaraq Alma-Ataya göndərilib. 1929-cu ildə isə SSRİ-dən xaric edilib.
Trotski SSRİ-dən kənarda olsa da, Stalinə qarşı fəaliyyətini davam etdirib. Stalinin əmrilə 20 avqust 1940-cı ildə ispan mənşəli NKVD agenti Ramon Merkader tərəfindən Meksikada yaşadığı mənzildə buz baltası ilə qətlə yetirilib.
Trotski İstanbulda
Trotski SSRİ-dən qovulduqdan sonra bolşevizmin zülmündən qaçan mühacirlər kimi o da Türkiyəyə sığınıb. Ankaradakı Sovet elçisi Çiçerin Türkiyənin xarici işlər naziri Arasla dəfələrlə danışdıqdan sonra Türkiyə hökumətini aşağıdakı şərtləri qəbul etməklə razı sala bilib:
- Trotski siyasi mühacir olaraq yaşayacaq, ona xüsusi yanaşma sərgilənməyəcək;
- Öz arzusuyla başqa ölkəyə sərbəst şəkildə gedə biləcək;
- Türkiyədə kommunizm təbliğatı aparmayacaq, amma istədiyini yazıb ölkə kənarında çap edə bilər;
- Türkiyədə SSRİ tərəfindən ona qarşı sui-qəsd planı hazırlanmayacaq, Türkiyə əmniyyəti onu qoruyacaq.
Bu şərtlər qəbul edilir, 23 yanvar 1929-cu ildə Moskvadakı Türkiyə səfirliyi Trotskiyə viza verir. O, 12 fevral 1929-cu ildə “İlyiç” gəmisiylə Odessadan İstanbula gəlir. Yanında ikinci xanımı Natalya, oğlu Leon Sedov, 12 sandıq və Stalinin əmri ilə verilmiş 1500 ABŞ dolları vardı.
Gəmidən enərkən Trotskinin oğlu məmurlara atasının Atatürkə yazdığı məktubu təqdim edir:
“Hörmətli başqan,
İstanbulun qapısında sizə bunu bildirməkdən qürur duyuram: Türkiyə sərhədlərinə öz arzumla gəlmədim. Bu sərhədlərin içinə güclə daxil edilirəm. Rusiyadan çıxarıldıqdan sonra dilini bildiyim və tanıdığım bir ölkəyə getməyi istəyərdim. Fəqət sürgün edənlər sürgünlərin bu istəklərinə çox nadir hallarda diqqət göstərirlər. Ölkəmdən çıxarılmağım problemin həlli deyil. Hadisələr qısa və ya uzun müddətdə baş verəcək. Mən Marksın məktəbində tarixə səbirlə baxmağı öyrəndim.
Ən səmimi hisslərlə.
L.Trotski”
Trotski İstanbula gəldiyi zaman 50 yaşı vardı. Türkiyə hökuməti onunla bağlı mətbuat qadağası qoyur. Qaldığı evin və özünün şəklinin çəkilməsi, haqqında məlumat verilməsi yasaqlanır. Trotski İstanbulda uzun müddət rus konsulluğunda qalır, ardınca Tokatlıyan otelinə keçir. Bir müddət sonra İstanbul küçələrində rahat şəkildə gəzməyə başlayır.
1 aprel
1 aprel 1929-cu ildə “Vakit” qəzeti belə bir manşet yazı ilə çıxış edir: “Trotski müsəlman oldu”. Bu xəbəri eşidən xarici müxbirlər onun qaldığı Tokatlıyan otelinə gedirlər. Amma orada heç kimi tapmırlar. Məlum olur ki, müxbir dünya ilə 1 aprel zarafatı edib.
Trotski İstanbula gəldikdən 34 gün sonra “Milliyet” qəzetinin yazarı Əhməd Şükrüyə müsahibə verir. Müsahibəsində deyir:
“Türkiyə hökuməti mənə böyük qonaqpərvərlik göstərdi, minnətdaram. Təkrar edirəm: Türkiyə hökuməti heç bir şəkildə azadlığımı əlimdən almamışdır... Türkiyəyə gələn kimi Rusiya Baş konsulluğunda qaldım. Almaniyadan viza istəmişdim, cavabın qısa müddətdə gələcəyinə ümid etmişdim. Ona görə də otelə keçmək istəməmişdim. Sizlərlə görüşü bu qədər təxirə salmağımın səbəbi də belə bir toplantının konsulluq kimi rəsmi yerdə etmək istəməməyimdir. İndi hər kəslə danışıram.
Türkiyədən niyə ayrılmaq istədiyimi soruşa bilərsiniz. Türkcə bilmədiyim üçün... Artıq yaşlıyam və yeni bir dil öyrənə bilmərəm. Yoxsa çox sevdiyim və qonaqpərvərliyinə şahid olduğum ölkənizdə qalmamağım üçün heç bir səbəb yoxdur... Atatürkün böyüklüyü artıq artıq dünya tərəfindən təsdiqlənib...”
Trotski adada nə gəzirdi?
Trotski Tokatlıyan otelində qısa müddət qalır. İngiltərə və ABŞ qəzetlərinə yazdığı məqalələrdən xeyli pul qazanır, ona görə də bir evə köçməyi planlayır. Şişli Bomonti məhəlləsində İzzət Paşa küçəsi 29 ünvanında bir evi bəyənir, 31 martda buraya köçür. Lakin ev polis və tanımadıqları adamlarla çevrələndiyi üçün məhəllə sakinləri hökumətə şikayət edirlər, ona görə də yeni bir ev axtarılır.
Beləliklə, Trotski Böyükada iskələsinə yaxın Ərəb İzzət Paşa köşkünə yerləşir. Polis artıq Trotskini burada daha rahat qoruya biləcəkdi.
Trotski 1931-ci ilə qədər burada qalır, müxtəlif əsərlərini yazır. Onun “Həyatım” (1930) və 3 cildlik “Rus inqilabı tarixi” (1932) əsərləri bu dövrdə qələmə alınır. Adada qaldığı müddətdə bir qayıq da satın alan Trotski boş vaxtlarında balıq tutmağa başlayır. Adadakı bu evdə bir dəfə yanğın baş verir, mühüm bir arxiv külə çevrilir. Trotski ailəsi müvəqqəti olaraq Savoy otelinə, daha sonra Moda səmtində bir evə köçür. Lakin burada rahat olmayan Trotski Böyükadadakı Yanaros köşkünə yerləşir.
Trotski Böyükadada yaşadığı müddətdə iki dəfə çölə çıxır. Bir dəfə Aya Sofiya məbədini gəzir, ikinci dəfə isə konfrans üçün Kopenhagenə gedir.
1932-ci ildə Trotski sovet vətəndaşlığından çıxarılır.
Sovetlərlə Türkiyənin münasibətlərinin yaxşılaşdığını görən Trotski Stalinin Türkiyəyə təzyiq edəcəyini düşünüb bu ölkəni birdəfəlik tərk edir...
Onun adada qaldığı Yanaros köşkü isə Trotskidən heç bir xatirəni özündə qorumayıb.

Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər