Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov yas mərasimləri ilə bağlı görülən tədbirlərdən danışıb.
“Media forum” saytına danışan Akif Səlimov deyib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu sahədə niyyəti bəlli olandan sonra camaat atılan addımları çox müsbət qiymətləndirib: “Hər kəs deyə bilərdi niyə mən birinci olum? Amma Laçın əhalisi arasında belə söhbət olmadı. Hər şey məqbul sayılası vəziyyətdədir. Camaat islahatlardan çox razı qalıb. Əvvəllər Laçın sakinlərinin yas mərasimlərində həddən artıq israfçılıq müşahidə edilirdi.
Hüzr yerində 10 adamdan biri iştaha ilə çörək yeyir. Bəziləri yas məclisindən çıxıb ayrı yerdə yemək yeyir. Süfrəyə qoyulan bu qədər ərzaq israf olursa, bu, çörəyə, bərəkətə necə hörmətdir? Ona görə istər dini baxımdan, istər milli adət-ənənə baxımından çox gərəkli iş görüldü, hər kəsin ürəyincə oldu”.
İcra başçısı əlavə edib ki, laçınlılara amiranə tərzdə heç bir söz deyilməyib: “Belə söhbətlər əmr formasında ola bilməz. Laçının axundu camaatımızla görüşdü, tövsiyələrini verdi, hər şey öz həllini tapdı.
Yaxşı olar məzar daşları üçün də mərkəzləşmiş qaydada addım atılsın, bütün məzar daşları eyni formada qoyulsun. Yüz ildən sonra bilsinlər ki, bu ərazidə vahid bir xalq yaşayıb. Xarici ölkələrdə hər kəsin qəbir daşı eynidir. Amma bizdə Astaradan Qazaxa, Ağdamdan Qubaya hər kəndin ustaları özlərinə məxsus məzar daşı düzəldir. Bu qaydaları tənzimləyən bir normativ qəbul edilməlidir. Xalq bu addımları gözləyir. Təbii ki, bu islahatlar bəzi şəxsləri narahat edəcək, biznesi məhv olacaq. Amma milləti düşünmək lazımdır”.