5 Sentyabr 2019 09:01
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış şair, Əməkdar mədəniyyət işçisi Abbas Abdulla vəfat edib.

Teleqraf.com xəbər verir ki, şair uzun sürən xəstəlikdən sonra 79 yaşında dünyasını dəyişib.

Mərhumun cənazəsi bu gün saat 13:00-da dəfn üçün evindən götürüləcək. O, Maştağada yerləşən Kəpənəkçi qəbiristanlığında dəfn ediləcək.

Abbas Abdulla 1940-cı il mayın 12-də Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndində anadan olub. ADU-nun filologiya fakültəsini bitirib.

"Ulduz" jurnalında şöbə müdiri, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, xüsusi müxbir, baş redaktorun müavini, "Ulduz" jurnalının məsul katibi, sonra baş redaktoru, Türkiyədə Azərbaycan Respublikasının Baş konsulu (1992-1997) vəzifələrində çalışıb.

Ədəbi fəaliyyətə "Öyün, vətənim!" adlı ilk şeiri 1957-ci ildə "Şərqin şəfəqi" (Tiflis) qəzetində çap ediləndən sonra başlayıb. O, poetik yaradıcılığında bədii tərcüməyə xüsusi diqqət yetirib. İ.Draç, İ.P.Kotlyarevski, M.Rılski, T.Şevçenko, L.Ukrainka, L.Şapoval və digər sənətkarların əsərlərini Ukrayna dilindən tərcümə edib.

"Ağlı-qaralı dünya" (şeirlər), "Azərbaycan-Ukrayna ədəbi əlaqələri", "Üzü dan yerinə" (şeirlər və poemalar), "Sonsuzluğa gedən karvan" (şeirlər və poemalar), "Erməni məsələsi və ya oğru elə bağırır doğrunun bağrı yarılır" kitablarının müəllifi idi.

Allah rəhmət eləsin.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər