5 Sentyabr 2019 15:00
356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi nazirlik yanında İctimai Şuraya keçirilən seçkilərlə bağlı narazılıqlara münasibət bildirib.

Nazirlikdən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, Təhsil Nazirliyi şuraya seçkilərin keçirilməsində yalnız təşkilatçı qismində çıxış edib.

Qeyd olunub ki, İctimai Şuraya üzv seçilmək istəyən hər bir şəxs sənədləri qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun olduğu halda qeydiyyatdan keçərək bu prosesə qatıla bilər: "Sənədləri qaydalara uyğun olan hər bir namizəd rəsmi qeydiyyata alınıb. Təhsil Nazirliyi İctimai Şuranın tərkibini müəyyən etmir. Şuranın tərkibini vətəndaş cəmiyyəti institutlarının nümayəndələri seçib. Həmçinin seçki prosesi sonadək videoyazıya alınıb və “Təhsil” televiziyası tərəfindən canlı yayımlanıb. Səsvermə tam aşkar şəraitdə keçirilib və nəticələr yerindəcə elan olunub".

Həmçinin bildirilib ki, seçki prosesinin təşkili və nəticələri ilə bağlı Təhsil Nazirliyinə heç bir müraciət daxil olmayıb.

Qeyd edək ki, sentyabrın 4-də keçirilən tədbirdə səsvermənin nəticəsinə əsasən, İlqar Orucov, Şahlar Əsgərov, Etibar Əliyev, Nadir İsrafilov, Ülviyyə Mikayılova, Elmina Kazımzadə, Anar Vəliyev, Mirzə Cəfərzadə, Asif Cahangirov, Mais Əliyev və Hikmət Əlizadə İctimai Şuraya üzv seçiliblər.

Xatırladaq ki, Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılır. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirməkdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər