16 Sentyabr 2019 21:04
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun göstərişinə əsasən, yol polisi yeni dərs ilinin başlaması ilə əlaqədar küçə və yollarda hərəkətin intensivliyinin yüksələcəyi nəzərə alınaraq “Diqqət, uşaqlar” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirir.

Teleqraf.com xəbər verir ki, sentyabrın 10-dan başlayaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Avtosfer.az portalının təşəbbüsü ilə tədbirlər keçirilib. Ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması ilə əlaqədar küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğu bir şəraitdə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması vacib məsələ kimi qarşıda durur.

Bu məqsədlə Bakının Binəqədi, Sabunçu, Nərimanov, Xəzər, Səbail, Qaradağ, Xətai, Yasamal, Pirallahı, Nəsimi və Suraxanı rayonlarında maarifləndirici aksiyalar keçirilib. Tədbirlər çərçivəsində məktəblərin önünə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış maarifləndirici şüarlar əks olunan plakatlar vurulub. Plakatlarda şagirdlərə, müəllimlərə və valideynlərə yol hərəkəti qaydaları izah edilib.

Bildirilib ki, şagirdlər yolu keçən zaman mütləq şəkildə piyada keçidindən istifadə etməlidirlər. Həmçinin müəllimlər hər dərsin bir neçə dəqiqəsini yol hərəkəti qaydaları haqqında danışsalar, müsbət nəticəsi ola bilər. Valideynlərə isə avtomobillərini məktəblərin ətrafında, eləcə də ikinci, üçüncü cərgədə, avtobus dayanacaqlarında və piyada səkilərində saxlamamaq tövsiyə olunub.

Tədbirlər çərçivəsində müəllim və şagirdlərə yol hərəkəti qaydalarını əks etdirən kitabçalar da təqdim edilib. Bir neçə şagirdə isə məktəb ləvazimatları hədiyyə olunub.

Tədbirlər, ümumilikdə, hər rayon üzrə 10-15 məktəb olmaqla 150-ə yaxın təhsil müəssisəsini əhatə edib.

Qeyd edək ki, "Diqqət uşaqlar!" aylığı çərçivəsində tədbirlər davam etdiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər