Bu gün Rabitə və yüksək texnologiyalar nazirliyinin Goradil qəsəbəsində yerləşən “Rabitəçi” sağlamlıq düşərgəsində məskunlaşan şuşalı qaçqınların birinci sinfə qədəm qoyan fidanları üçün “Bilik günü” keçirilib.
Teleqraf.com xəbər verir ki, düşərgədə fəaliyyət göstərən Şuşa rayon 9 saylı məktəbdə düzənlənən tədbirdə Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, “Teleradio” İB-nin rəhbərliyi, Şuşa rayon İcra Hakimiyyətinin nümayəndələri, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbirdə məktəbin ötən tədris ilində əldə etdiyi nailiyyətlərdən danışan Qədim Abdullayev bildirib ki, sözügedən təhsil ocağında ildən-ilə şagirdlərin sayı artır. Hazırda 22 fidanın birinci sinfə qədəm qoyduğunu vurğulayan direktorun sözlərinə görə, ötən il rəhbərlik etdiyi məktəb olimpiadalarda yüksək səviyyədə iştirak edib.
Daha sonra rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Bilik günü” münasibəti ilə şagirdləri və müəllimləri təbrik edib. “Bu gün 22 fidan həyatında ilk addımlarını atır. Onlar məhz məktəbdə gələcək həyatlarını quracaqlar. Yüksək təhsil almaqla özlərinin yaşamını formalaşdıracaqlar”, - deyən nazir müavini Azərbaycanın günü-gündən gücləndiyini, ölkədə yeni-yeni məktəblər tikildiyini və bir çoxlarının da təmir edildiyini əlavə edib.
Gələn il 9 saylı məktəb üçün də yeni binanın tikilib istifadəyə veriləcəyini vurğulayan E.Vəlizadə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan siyasət nəticəsində işğal altındakı torpaqlarımıza qayıdılacaq gün yaxınlaşıb: “Şuşada da gözəl təhsil ocaqlarının ucaldılacağına əminəm”.
Daha sonra Heydər Əliyev Fondu tərəfindən göndərilən məktəb ləvazimatları ilə təchiz edilmiş çantalar birincilərə təqdim olunub. Eyni zamanda bu il ali məktəblərə daxil olan tələbələrə RYTN adından mobil telefon hədiyyə edilib.
İlhamə