28 Sentyabr 2019 13:22
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əhalinin, gələcək nəsillərin sağlamlığı kimi vacib məsələləri özündə ehtiva edən qida təhlükəsizliyi xüsusi həssaslıq tələb edən mövzudur”.

Teleqraf.com xəbər verir ki, bunu "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev bildirib.

Onun sözlərinə görə, ölkədə qida təhlükəsizliyinin təmin olunması istiqamətində son zamanlar aidiyyəti qurumlarla birgə həyata keçirilən məqsədyönlü fəaliyyət, o cümlədən əməliyyat xarakterli tədbirlər öz müsbət nəticəsini verməklə yanaşı, ictimaiyyətin geniş diqqət və marağına səbəb olub: "Bu vətəndaşlardan, ictimaiyyət nümayəndələrindən və kütləvi informasiya vasitələrindən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan çoxsaylı müraciətlərdə də öz əksini tapır. Lakin təəssüflər olsun ki, əhalinin bu sahəyə olan diqqət və marağından sui istifadə edən bəzi “ekspertlər” və yaxud özünü cəmiyyətə bu sahədə “mütəxəssis” kimi sırımağa çalışan şəxslər qida təhlükəsizliyi kimi son dərəcə ciddi mövzuya məsuliyyətsiz yanaşmaqla, sərsəm bəyənatlar yayır, vətəndaşların göstərdiyi diqqət və maraq dairəsinə daxil olmaq üçün uğursuz cəhdlər göstərirlər".

"Unutmaq olmaz ki, əhalinin təhlükəsiz qida ilə təmin olunması, gələcək nəsillərin sağlamlığı kimi vacib məsələləri özündə ehtiva etdirən qida təhlükəsizliyi mövzusunda yalnız bu sahədə ali təhsili, elmi təcrübəsi, eləcə də xüsusi bilik və bacarıqlara malik şəxslər məşğul olmalı, yaxud ekpert qismində çıxış etməlidir. Xüsusən də, bu cür məsələlərdə kütləvi informasiya vasitələri diqqətli olmalı, mövzunun həssaslığını nəzərə alaraq təsadüfi insanlara meydan yaratmamalıdırlar. Çünki yayılan hər hansı əsassız bir fikir və yalnış rəy görülən işlərə kölgə salmaqla yanaşı, insanlar arasında yersiz təşviş və çaşqınlığın yaranmasına gətirib çıxara bilər. Bir daha media nümayəndələrini-dəyərli həmkarlarımı və ictimai maraqları müdafiə edən sosial şəbəkə istifadəçilərini bu cür həssas məsələlərə diqqətlə yanaşmağa və öz vətəndaş mövqeyini ortaya qoymaqla əhalinin qida təhlüksəizliyinin təmin olunması kimi vacib prosesdə obyektiv iştiraka dəvət edirəm", - deyə M.piriyev qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər