Onların dərsə davamiyyəti barmaq izləri ilə yoxlanacaq
Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) SABAH qruplarına qəbul olunan tələbələrlə görüş keçirilib.
Universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, tələbələri “SABAH”çılar adını qazanmaqları münasibətilə təbrik edən rektor Ədalət Muradov gələcək üçün lazım olan ən uğurlu kadr modelinin İqtisad Universitetində hazırlanmasında maraqlı olduğunu bildirib.
Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov çıxışında SABAH qruplarının 7 baza ali təhsil müəssisələri arasında ADİU-nun I yerdə dayandığını deyib. Belə ki, SABAH qruplarına qəbul olunan 738 tələbədən 225 nəfəri təhsillərini davam etdirmək üçün bu ADİU-nu seçiblər.
Görüşdə bildirilib ki, ADİU-da SABAH qrupları üçün müasir dərs metodlarına cavab verən 10 auditoriya yaradılıb. Dərs otaqlarında quraşdırılmış xüsusi aparatlar vasitəsilə tələbələrin elektron qeydiyyatı aparılacaq. Bununla da tələbələrin dərsə davamiyyəti barmaq izləri ilə yoxlanacaq. Auditoriyaların girişindəki planşetlərdə dərs haqda interaktiv məlumat əldə etmək mümkün olacaq. Bundan başqa, tələbələr dəhlizlərdə quraşdırılan xüsusi lövhələrdə ölkənin ən son iqtisadi xəbərlərini daim izləyə biləcəklər.
SABAH qruplarında təhsil alacaq regionlardan gəlmiş tələbələr yataqxana və gündə üç dəfə olmaqla pulsuz yeməklə təmin olunacaqlar. Bu qruplarda dərs deyəcək müəllimlərin seçimi xüsusi qaydada aparılıb.
Görüşün sonunda tələbələri maraqlandran suallar cavablandırılıb.
Qeyd edək ki, SABAH qrupları ölkədə fəaliyyət göstərən 34 ali təhsil müəssisəsinin birinci kurs tələbələrindən ibarət 53 ixtisas üzrə formalaşdırılıb. ADİU-nun SABAH qruplarında 60 tələbə Maliyyə, 30 tələbə Dünya İqtisadiyyatı, 44 tələbə Uçot iqtisad, 16 tələbə Menecment, 28 tələbə Sənayenin təşkili və idarə edilməsi, 18 tələbə İqtisadiyyat, 13 tələbə Biznesin idarəedilməsi, 9 tələbə Marketinq, 7 tələbə isə Kommersiya fakültəsinə daxil olub.
SEVİL