22 Oktyabr 2019 12:34
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İdxal edilən məhsulların bir qisminin qiymətinin qonşu ölkələrlə müqayisədə xeyli baha olması son zamanlar müzakirə olunan məsələlərdən biridir. İstehlak bazarında uzun müddət qiyməti aşağı düşməyən məhsullardan biri də portağaldır”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

Ekspert bildirib ki, hazırda Bakıdakı super marketlərdə portağalın qiyməti orta hesabla 4.5 manatdan başlayır:

“ Yay aylarında yüksələn qiymət payızda da dəyişmədi. Ola bilər bu meyvənin istehlakımızda payı çox deyil, amma bir məhsulun qiymətinin artıq aylarla dəyişməməsi və qonşu ölkələr ilə müqayisədə dəfələrlə baha olması iqtisadi əsaslarla izah edilə bilməz.

Belə ki, qonşu Gürcüstanda keyfiyyətindən və istehsal yerindən asılı olaraq portağalın qiyməti 0.4-1.35 avro arasında dəyişir. Yəni, qonşu ölkədə sözügedən məhsulun qiyməti bizim istehlak bazarı ilə müqayisədə keyfiyyətindən asılı olaraq 2-5 dəfə ucuzdur. Orta aylıq əmək haqqı 3,300 avro olan Avropanın siyasi paytaxtı hesab edilən Brüsseldə də portağalın qiyməti Bakı ilə müqayisədə aşağıdır.

Avropa pulu ilə ifadədə Bakıda portağalın kiloqramı 2.38 avroya, orta aylıq əmək haqqı bizdən 12 dəfə çox olan Brüsseldə isə 2.1 avroya satılır”.

Vüqar Bayramov hesab edir ki, bunun səbəblərini iqtisadi baxımdan izah etmək mümkün deyil:

“Düşünə bilərsiniz ki, niyə sadəcə bir meyvənin qiymətini müzakirə edirik? Məsələ portağalın qiyməti ilə bitmir. Bu, əslində ondan xəbər verir ki, hələ də xarici ticarətimiz tam liberallaşmayıb. Belə olmasaydı, sahibkarlar ən asan variantda Gürcüstandan həmin meyvəni gətirib, daha ucuz qiymətə təklif edib gəlir əldə edə bilərlər. Deməli, bu meyvənin idxalı ilə az sayda sahibkarlar məşğul ola bilirlər: hətta bəzən rəsmi statistikada say çox görünsə də.

Təəssüf ki, bu bir sıra digər ərzaq məhsulları üzrə də müşahidə olunur. İstehlak bazarında qiyməti region bazarları ilə müqayisədə kəskin yüksək olan məhsullar ilə bağlı monitorinq aparılaraq, mətbuatda işıqlandırılmasını və xüsusən də idxal prosesinin, yaşıl dəhlizin fəaliyyətinin monitorinqdə ictimai nəzarətin gücləndirilməsini təklif edirik”.


Müəllif: Mənsur Rəğbətoğlu