Region Beynəlxalq Analitik Mərkəz İB-yi artıq bir neçə müddətdir Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “YAZ və YAY Bloggerlik və Vloggerlik fəaliyyətində gənclərin fəaliyyətinin genişləndirilməsi” adlı layihə həyata keçirir.
Layihənin məqsədi video texnologiyalar sahəsində daha çox mütəxəssisin hazırlanması, onların peşəkarlığının artırılması və video bloggerlik peşəsinin təbliğidir.
Həmçinin məqsəd gənclər arasında mobil telefon vasitəsi ilə daha maraqlı şəkil, video çəkilməsini təmin edərək, milli-mənəvi dəyərlərimizi qoruyaraq, düzgün, etik qaydada bloggerlik edərək bu tipli bloqların yaradılmasını təşfiq etmək, asudə vaxtın maraqlı təşkilinə töhfə verməkdir.
İnformasiya texnologiyalarının sürətli inkişafı ilə əlaqədar həm dünyada, həm də ölkəmizdə gənclərin sosial media, xüsusən də bloggerlik sahəsində fəallığı müşahidə olunur. Hazırda ölkəmizdə sosial media və bloggerliklə məşğul olan potensiallı gənclər olsa da, bölgələrdə bu sahə üzrə ixtisaslaşmış gənc peşəkarların sayı azlıq təşkil edir. Məhz yeni layihənin həyata keçirilməsində də məqsəd sosial media və bloggerlik fəaliyyəti ilə bağlı gəncləri təlimatlandırmaq və onlardan internet media imkanlarından faydalı şəkildə istifadə edən qrup formalaşdırmaqdır.
Layihə çərçivəsində gənclərə internet media, bloqçuluq, sosial şəbəkələr mövzusunda təlimlər keçiriləcək. Gənclərə internet medianın texniki tərəfləri, bloq yaratmaq və tanıtmaq işi öyrədiləcək. Eyni zamanda, onlara sosial şəbəkələrin ayrı-ayrı insanların, təşkilatların və dövlətlərin ictimai həyatına təsir imkanları izah ediləcək.
Bu cür gənclər gələcəkdə peşəkar blogger və sosial media mütəxəssisi olacaqlar. Həmçinin onlar müxtəlif sahələr üzrə xarici dillərdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayacaqlar.
Layihə dövründə qarşıya qoyulan əsas vəzifələrdən biri təlimçi və ekspertlərin köməyi ilə bir qrup gənclərə hazırlanan 4 günlük Bloggerlik və vloggerliklə bağlı təlim proqramının təşkili həyata keçiriləcək. Təlimdə rəqəmsal məsuliyyət, məzmunla bağlı məsələlərin gücləndirilməsi və media səlahiyyətləri, sosial etika, sosiallaşma, milli və mənəvi dəyərlər, bloq nədir, nə üçün yazmaq lazımdır, bloq yazmaq (post növləri, nə yazmalı, necə yazmalı və necə yerləşdirməli) mövzuları haqqında proqramlardan ibarət olacaq.
Elə təlimin ən böyük özəlliyi də bundan ibarət idi ki, iştirakçılar nəzəri cəhətdən bloglarla bağlı mənimsədikləri bilikləri,eyni zamanda, praktik olaraq da tətbiq etməyi öyrənəcəklər.