Dövlət İmtahan Mərkəzi 2019-cu ildə dövlət qulluğuna qəbul imtahanlarının nəticələrinin statistikasını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçənlərdən 1425 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir. Onlardan 397 nəfər imtahanı müvəffəqiyyətlə verib.
İmtahanda iştirak edənlərdən 425 nəfər isə məlumatları “Dövlət Qulluqçularının Reyestri” sisteminə daxil edilmiş şəxslərdən ibarət olub. Onlar müsabiqə və ya müsahibə yolu ilə işə qəbul edilmiş dövlət qulluqçuları, hazırda müddətli əmək müqaviləsi əsasında çalışan şəxslər və dövlət qulluğuna xitam verilmiş şəxslər kateqoriyalarına bölünür.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən birinci kateqoriyaya aid şəxslərin sayı 46 nəfərdir. Bu namizədlərdən 9 nəfər imtahandan uğurla keçib. Onlar müvafiq sertifikat əldə etməklə gələcəkdə dövlət qulluğunda daha yüksək vəzifələrdə çalışmaq imkanından istifadə edə bilərlər.
Hazırda müddətli əmək müqaviləsi əsasında çalışan ikinci kateqoriyaya aid şəxlərdən 312 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və 33 nəfər müvəffəqiyyət əldə edib. Üçüncü kateqoriyaya aid şəxslərdən isə 67 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib və 13 nəfər uğur qazanıb.
Beləliklə, ümumilikdə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1850 namizəddən 452 nəfər (24.4%) müvəffəqiyyət əldə edib.
İmtahanda uğur qazanan, müvafiq sertifikatı əldə etmək üçün elektron qeydiyyatdan keçən və məlumatları Mərkəz tərəfindən təsdiq edilən şəxslər müsahibələrdə iştirak etmək hüququ qazanırlar. Müsahibə elanları mütəmadi olaraq DİM-in saytında yerləşdirilir.