Teleqraf.com-un suallarını ictimai fəal Bəxtiyar Hacıyev cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünüz necə baş tutdu? Səfərin proqramı barədə məlumat vermənizi istərdik. Paşinyanın bu tədbirdə iştirakını bilirdinizmi?
- Mən noyabrın 11-dən 13-dək Parisdə ikinci dəfə keçiriləcək, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə təşkil olunan Paris Sülh Forumuna dəvət almışdım. Ondan bir müddət əvvəl Stokholmda Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramının 10 illiyi ilə bağlı tədbirdə iştirak etdiyimə görə elə birbaşa Parisdəki tədbirə getdim. Paşinyanın ilk forumda iştirak etdiyini bilirdim, ikincisində isə adını siyahıda görməmişdim və düşünürdüm ki, bir çox dövlət və hökümət başçıları kimi o da bu dəfə iştirak edə bilməyəcək.
- Bu görüşə qədər Ermənistan rəhbərliyindən kiminləsə və ya erməni diplomatları ilə hər hansı əlaqəniz, görüşünüz olmuşdu?
- Əvvəllər dəfələrlə Ermənistan rəsmiləri ilə belə söhbətlərimiz olub, hətta bir dəfə ABŞ-da, Harvard Universitetində erməni rəsmiləri forum keçirərək Naxçıvanın Ermənistana aid olması barədə fikir formalaşdırmağa çalışırdılar. O zaman mən tələbə idim və forumda çıxış edərək, buna qarşı çıxmışdım. Növbəti gün sərgidən Möminə Xatun abidəsi də daxil olmaqla, Azərbaycana aid olan, lakin erməni abidəsi kimi təqdim etməyə çalışdıqları abidələrin fotolarını çıxarmışdılar. Həmin zaman bu qarşıdurma Azərbaycan KİV-lərində geniş işıqlandırılmışdı. Sonuncu belə təmasım isə noyabrın 6-da Stokholmda Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyanla olmuşdu. Tədbir zamanı millət vəkili Asim Mollazadə ona irad bildirmiş və sual ünvanlamışdı. O isə öz növbəsində Asim Mollazadəyə bir az sərt cavab verməyə çalışmış, "özünüzü müqəddəs mələk kimi təqdim etməyin" məzmunlu cavab vermişdi. Asim Mollazadədən dərhal sonra söz alaraq, "siz də özünüzü müqəddəs mələk kimi təqdim etməyin" cavabı verərək, bir neçə məsələdə şərhimi bildirdim və sual ünvanladım.
- Paşinyanla söhbətdən sonra onu müşahidə edən şəxs kimi təəssüratınız necədir?
- Paşinyan bir dövlət adamı, siyasətçi yox, sanki QHT rəhbəri təəssüratı bağışlayırdı. Amma düşünürəm ki, danışmaq üçün açıq insan idi və onunla müzakirə aparmaq daha asan idi.
- Görüşdən sonra Paşinyanın barənizdə maraqlandığını söyləmişdiniz. Paşinyana özünüzü necə təqdim etdiniz? Deyəsən, ona təqdim etdiyiniz qələmlə bağlı maraqlı dialoqunuz olub...
- Bəli, tədbirin rəsmi hissəsi bitdikdən sonra mən başqa tədbirə getmək üçün hazırlaşırdım. Bir də baxdım ki, Paşinyan öz köməkçiləri və müşavirləri ilə geri qayıdıb, məni axtarır. Məndən rəsmi nümayəndə heyətinin üzvü olub-olmadığımı soruşdu, sonra jurnalist olub-olmadığımı. Mən vətəndaş cəmiyyəti təmsilçisi olduğumu dedim və suala cavabından narazı qaldığımı, onun Ermənistan baş naziri kimi Azərbaycan ərazilərində elə bəyanatın məsuliyyətsiz addım olduğunu və sülh prosesinə heç bir töhfə vermədiyini bildirdim. O da əsaslandırmağa çalışdı ki, bir ildən artıq konstruktiv olub, Azərbaycan tərəfdən belə cavab almayıb, ölkəsində müxalifət onu sıxır və buna görə də zaman-zaman belə bəyanatlar verməyə məcbur olur. Qələmlə bağlı onunla dialoqumuz rəsmi hissədə baş vermişdi, qeyd aparmaq üçün qələm axtarırdı. Düşündüm ki, onun qısa sualı yadında saxlaması üçün qələm və kağız vacib deyil. Bəlkə də bununla auditoriyanın diqqətini yayındırmaq, mənim sualımı yarıda saxlamaq istəyirdi. Həm də o, Azərbaycan tərəfini öz çıxışında aqressiv tərəf kimi təqdim etmişdi. Mən dərhal ona öz qələmimi uzadaraq, həm auditoriyanın diqqətini yenidən müzakirəyə cəmləməyə çalışdım, həm də Azərbaycan tərəfinin heç də aqressiv tərəf olmadığını göstərdim. Qeyri-rəsmi hissədə isə onun köməkçi, ya da mühafizəçilərindən biri tədbirdən sonra qələmi qaytardı ki, lazım deyil. Mən də qələmi qaytaran şəxsə kiçik bir atmaca atdım ki, hər şeyi belə qaytaracaqsınız.
- Böyük əksəriyyət bu hadisəni təqdir etsə də, müəyyən iradlar da oldu, bu iradlarla bağlı fikirləriniz nədən ibarətdir?
- Sıravi insanların müəyyən iradlarının olması normaldır. Hamı kənardan baxıb, "mən orada olsam, elə yox, belə edərdim, onu elə etmirlər" deyə bilər. Bəzi KİV-lər isə əvvəlcə "masterclass" formatda tədbiri "Forumun kuluarlarında görüşüblər" kimi təqdim etdilər. Sonra isə irad bildirdilər ki, Bəxtiyar Hacıyev orada susmamalı idi, sual yağışına tutmalı idi, daha sərt olmalı idi və s.
Görünür, bu insanların belə tədbirlər və formatlar, oradakı atmosferlə bağlı təsəvvürləri yoxdur.
Çünki, Paşinyan Azərbaycan xalqını aqressiv tərəf kimi göstərdiyi zamanda mənim kiçik bir müdaxiləm ətrafımdakı 20-yə yaxın erməni jurnalist və rəsmi şəxslərin kiçik bir təxribatı ilə böyük münaqişəyə çevrilə bilərdi və məni zaldan kənarlaşdıra bilərdilər. Bu zaman Paşinyanın bircə dəfə "bu da sülh forumuna gələn Azərbaycan vətəndaşı, bu insanlarla necə birlikdə yaşamaq olar?" deməsi ölkəmiz haqqında çox pis fikir formalaşdıra bilərdi.
İkincisi, həmin foruma qonaqlar dəvət edilsə də, mətbuat üçün akkreditasiya asan proses idi. Tədbir haqqında çox geniş məlumat yayılmışdı. Çox böyük kollektivləri və dəstəkləri olan KİV-lər fərdi qaydada, spontan şəkildə təktərəfli təbliğata mane olmağa çalışan Bəxtiyar Hacıyevə irad bildirməkdənsə, kollektivlərindən bir nəfəri ezam edərdilər həmin tədbirə, istədikləri sualı, istədikləri şəkildə verərdilər. Kim onlara mane olurdu? Bakıda, geniş ofislərdə, isti otaqlarda monitor arxasında geniş kollektivin dəstəyi ilə yazılar hazırlayıb, "biz olsaydıq, elə yox, belə edərdik" mesajını vermək asandan da asandır. Paşinyanın da, Mnatsakanyanın da, başqa erməni rəsmilərin də Avropada çıxışları hələ çox olacaq. Göndərsinlər, öyrətsinlər, biz də görək ki, bunu necə etmək lazımdır?
- İradları bildirənlərin əksəriyyətinin formatdan bixəbər olduğuna dair fikirlər səsləndi. Belə toplantıların xarakterik xüsusiyyəti necədir: ancaq sual imkanı olur, yoxsa polemika da mümkündür?
- Bu barədə də dəfələrlə məlumat vermişəm. Paris Sülh Forumunun rəsmi açılışından sonra ayrı-ayrı zallarda, müəyyən böyük zalların fərqli hissələrində açıq çıxışlar, mühazirələr olur. Paşinyanın iştirak etdiyi formatda onun qısa çıxışı və cəmi bir sual nəzərdə tutulmuşdu. Hətta, irad bildirənlər olur ki, siz o sualı verməklə, Paşinyana pas atdınız ki, öz bildiklərini auditoriyaya çatdırsın. Mən sual versəm də, verməsəm də, Paşinyan Ermənistan maraqlarından çıxış etmişdi. Tək sual imkanından erməni jurnalistlər faydalana, ona daha yaxşı pas ata bilərdilər. Bir də, sualın nə olmasından, necə verilməsindən asılı olmayaraq, Paşinyan yenə öz bildiyini, Ermənistan maraqlarından çıxış edərək danışacaqdı. İllərdir jurnalistikada olan bu iradsevərlər nə düşünürdülər? Paşinyanın "Qarabağ Azərbaycanındır, biz işğalçıyıq" deyəcəyini?
- Bu yaxınlarda azərbaycanlı jurnalist Arzu Məmmədovanın rusiyalı məşhur telejurnalist, ermənipərəst mövqeyi ilə seçilən Vladimir Poznerə ünvanladığı sual rezonans doğurmuşdu. Eləcə də Sizin Paşinyana verdiyiniz sual ətrafında müzakirələr aparıldı. Belə polemikaların əhəmiyyəti barədə nə düşünürsünüz?
- Mən Arzu xanımın müdaxiləsini də çox yüksək qiymətləndirirəm. Baxmayaraq ki, Pozner orada həyasızcasına bəzi faktları təhrif etdi, onun cavabı da Azərbaycan maraqlarına zidd idi. Ancaq Arzu xanım çox sağ olsun ki, fərdi təşəbbüs göstərib, auditoriyanı ikinci tərəfin mövqeyi barədə də düşünməyə vadar etdi. Düşünürəm ki, erməni tərəfi nə qədər texniki, maliyyə, logistika hazırlıqları görüb, belə tədbirlər keçirirsə, bizim xaricdə yaşayan tələbə və gənclər belə tədbirlərə gedərək, tək bir sual vermək, şərh bildirməklə onların təbliğatının qarşısını ala bilərlər. Çox istərdim ki, Arzu Məmmədova kimi gənc xanım və bəylərimiz belə fərdi təşəbbüslərlə çıxış etsinlər.
- Sizcə, infiormasiya müharibəsində belə taktikadan istifadə xeyirli ola bilərmi?
- Qeyd etdiyim kimi, hətta tədbirin təşkilatçıları erməni tərəfi olsa da, kiçik bir şərh və sualla da auditoriyanın marağını cəlb etmək mümkündür. Parisdəki tədbirdən sonra bir çox ölkələrin diplomatları və jurnalistləri mənə yaxınlaşaraq tədbirin növbəti günündə də Qarabağla bağlı suallar soruşdular. Bu isə mənə əlavə imkan verdi ki, onlara öz mövqeyimizi çatdıra bilim.
- Zaman-zaman rəsmi şəxslərin, jurnalistlərin, icmaların İrəvan və Bakıya qarşılıqlı səfərləri məsələsi gündəmə gətirilir. Siz necə düşünürsünüz, ictimai fəalların da bu formatda əlaqələri işin xeyrinə ola bilər, yoxsa bunun əleyhinəsiniz?
- Münaqişənin sülh yolu ilə həllini istəyiriksə, mütləq belə təmaslar olmalıdır. Ancaq belə təmaslara gedən şəxslər yetişmiş, Azərbaycanın rəsmi mövqeyini yaxşı başa düşən və status-kvonun Azərbaycan tərəfi üçün qəbuledilməz olduğunu anlayan və unutmayacaq şəxslər olmalıdır.