18 Sentyabr 2014 22:33
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhməd Qəşəmoğlu: “Folklorumuzdakı həqiqətlər üzə çıxarılıb, tətbiq olunmalıdır”

Bu günlərdə qardaşımoğlu Hilalla “Məlikməmməd” nağılının internet vasitəsilə səsli şəkildə dinləyirdik. Səsli nağılın sonunda kiçik qardaş Məlikmməməd özündən böyük iki qardaşını öldürür, quyudan tapdığı gözəllə evlənir və xoşbəxt həyat yaşayır. Balaca Hilal nağıldakı bəzi məqamlara, o cümlədən bir qardaşın digərini öldürməsinə etiraz etdi: “Bəs deyirsiz, qardaş qardaşa dayaqdır, arxadır, Məlikməmməd niyə qardaşlarını öldürdü? Niyə nağıllarımızda həmişə 3 qardaş, yaxud 3 bacının 3-cüsü ağıllı, böyüklə, ortancıl axmaq olur?”, deyə ailənin böyük oğlu incikliklə sualına cavab istədi.

Redaksiyamızın əməkdaşı Naibə Qurbanova da bəzi nağıllardakı faciəvi sonluqların uşaq təfəkküründə neqativ iz buraxmasından narahatlığını ifadə edir: “Mən uşaq olarkən, nənəm “Tıq-tıq” xanımın daşın altında salınaraq əzilməsini danışanda hönkür-hönkür ağlayırdım. Qəddarlıq səhnələrinə görə, nağıllarımızı oğluma oxumağa ehtiyat edirəm, cizgi filmlərindəki vəhşi səhnələr də uşağa neqativ təsir göstərir. Ona görə də hesab edirəm ki, həqiqəti əks etdirən ədəbiyyatın yazılmasına ehtiyac var”.

Ailə tərkibindəki münaqişələrin, ziddiyyətlərin, məişət ənənələrinin mifoloji təfəkkürümüzdə özünə yer etməsi görəsən, nədən irəli gəlir? Nağıllarımızdakı 3-lük nəyi ifadə edir? Ağız ədəbiyyatı saf-çürük edilməli deyilmi?

Suallarla Folklor İnstitutuna müraciət etdik. İnstitutdan bizə bildirildi ki, nağıllarımızın tədqiqatçısı Oruc Əliyev məzuniyyətdədir. Məsələyə yalnız onun, mövqe bildirməsi mümkündür.

“Xalq yaradıcılığındakı dəyərləri üzə çıxarıb, faydalana bilərik”

Bir çox uşaq nağıllarının, şerlərin müəllifi sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, mifoloji təfəkkürümüzdə həqiqətlər ifadə olunub, lakin bu həqiqətlərin tədqiq olunub ortaya çıxarılmasına ehtiyac var: “Mifologiya həqiqətə bərabər deyil, amma mifologiyanın yaranması həqiqətin dərkinə meyllərdən biridir. Nağıllardakı həqiqətlərin ortaya çıxarılması o sahədə çalışan şəxslərin birinci dərəcəli vəzifəsidir. Xalqımıza məxsus deyim tərzinin necə qoyulması araşdırlılmalıdır. Bütün bunlar öyrənilərək, saf-çürük edilib oradakı həqiqətlər xalqın istifadəsinə verilməlidir. Xalq yaradıcılığı kamil düşüncə tərzi ilə araşdırılmalı və oradakı dəyərlər üzə çıxarılmalıdır. Həyati dəyərlər hamıya məxsusdur, buna milli-mənəvi dəyərlər deyib özəllşdirməyə də ehtiyac yoxdur”.

“Şöhrət xatirinə nağılı təhrif edib, xalqın adına çıxıblar”

Nağıllardakı neqativ elementləri isə Ə.Qəşəmoğlu belə izah etdi: “Demək olmaz ki, bizə təqdim olunan nağılların hamısı xalqın beynindən, qəlbindən süzülüb, gəlib. Bəzi səhvlər ənənəvi olaraq nağılçıların dediyində də ola bilər. Bəzən nağılçı öz düşüncə tərzinə uyğun məsələləri qoyub, bəzən doğrudan da kiminsə ailəsində böyük uşaq zay, kiçik çox bilmiş olub. Buradan nəticə çıxarıb bunu nağıllarda əks etdiriblər. Amma birincinin, yaxud üçüncünün ağıllı, digərinin sərsəm olması əsas deyil. Həyata baxış bir sistemdir, burada birincidən, üçüncüdən söhbət getmir. Bu sistem bizim mifologiyamızda, düşüncəmizdə özünə yer etməlidir. Məsələn, Koroğlunun 7777 dəlisi nəyi ifadə edir? Xalq yaradıcılığında şişirtmə hədlərinin mənası var, bunlar öyrənilməlidir.

Nağıllardakı təhriflər həm də ondan irəli gəlir ki, hansısa ucqar bir yerdən tapılan xalq yaradıcılığını özünə tədqiqatçı, alim deyən bir şəxs əlavələr edib, “yenilik” yaradır, buna görə elmi dərəcə alır və bunu xalqın adına çıxır. Kiminsə şöhrətpərəstliyinə görə biz də yağışdan çıxıb, yağmura düşürük”.

“Mifologiyamızdakı 3-lük yanlış olaraq məişət ənənəsinə salınıb”

Nağıllarımızdakı 3-lüyü sosioloq belə izah etdi: “Qədim Misirdə kahinlər “Allah yaradıcıdır” konsepsiyasına uyğun olaraq bir mexanizm yaratmışdılar. Lap uşaq yaşlarından insanları 3 tipə bölürdülər: birinci tipə həm zahiri, həm batini görüb dərk edənlər aid idi ki, onlar gələcəkdə rəhbər vəzifələr üçün hazırlanırdı. İkinci tip yalnız zahiri görənlər idi ki, onlardan yalnız icraçı olardı. Üçüncü tiplər isə görməyənlər idi ki, onlardan aşağı kateqoriyalı işlərdə istifadə olunurdu. Qədim kahinlərin yaratdığı belə cəmiyyət sağlam və ədalətli idi. Çox təəssüf ki, bu üçlük ideyası oğurlanıb yanlış tətbiq olundu. Nağıllarımızdakı kimi, itin qabağına ot, atın qarşısına ət qoydular. Məsələn, Leninzmin “proletariat diktaturası” ən aşağı kateqoriyanı rəhbər vəzifəyə gətirdi, birinci kateqoriyaları isə repressiyaya məruz qoydular. Mifologiyamızdakı 3-lük yanlış olaraq məişət ənənəsinə salınıb və ziddiyyətli məqamlar yaradır”.

Həmsöhbətimiz bildirdi ki, xalq yaradıcılığımızın toplanmasına xüsusi önəm verilsə də, tədqiq olunub, tətbiq edilməsi də vacibdir: “Folklor nümunələri toplanır, çox gözəl, axı bunlar saf-çürük də olunmalıdır. Nədənsə, məsələnin önəmli tərəfini unutmuşuq. Folklorşünaslarımızı bu məsələlər düşündürməlidir. Folklorşünaslar nağıllarımızdakı həqiqətləri ortaya çıxarıb, cəmiyyətin istifadəsinə verməlidir. İlahi və həyati həqiqətləri xalq yaradıcılığı danmır, özünəməxsus şəkildə ifadə edir. Bu özünəməxsusluq isə elmi şəklə çevrilməlidir”.

“Nağılın sonu ahənglə, yüksəlişlə nəticələnməlidir”

Ə.Qəşəmoğlu onu da bildirdi ki, Azərbaycan xalq yaradıcılığında zəngin irs, hərəkətlərin estetikası, geyim tərzi, ölçü-biçi var ki, bu da xalqımızın böyüklüyünün ifadəsidir: “Bütün bu həyati mənalar üzə çıxmadığına görə, reklamla məşğul olan qeyri-əxlaq sahibləri at oynadır, pis nümunələr yayır. “Cırtdanın” nağılı dahiyanə bir əsərdir. İşığa doğru gedən yol, böyüklükdür. Hansı formada olur-olsun o nağılda həqiqət deyilib. Nağıllarda qorxulu səhnələr ola bilər, amma sonu bir bu, ahəngə, yüksəlişə, pozitiv nəticəyə gəlməlidir”.

Sosioloq hazırda əksər uşaqların əllərində planşet, telefon vahimə doğuran, qəddarlıq ifadə edən qorxu və praqmatiklik elementi əks etdirən oyunlar oynamasından da narahatlığını ifadə etdi: “ Yaxud bizim folklor nümunələri islam dininə bağlanır və məhdudlaşdırlır. Nə qədər ki, folklorumuzdakı həqiqətlər üzə çıxarılıb tətbiq olunmayıb, bu hallar davam edəcək. İstəsək də, istəməsək də bizim dəyərlərin dünyəvi dəyərlərlə müəyyən xətdə vəhdəti var. Biz o vəhdətdə dayanmağı bacarmalıyıq. Bunun üçün isə bütün potensial imkanlar bir araya yığışıb, öz xilasımıza çalışmalıyıq. Ona görə bu məqamlar olduqca aktualdır və bilim adamlarının, ziyalıların birgə toplantısı ilə dəyirmi masalar keçirilməlidir, elmi müzakirələr aparılmalıdır”.

Sevil HİLALQIZI

P.S. Mövzuya qayıdacağıq.


Müəllif:

Oxşar xəbərlər