Azərbaycan Milli Elmlər Akademiyasında AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə “Xəzər dənizi regionunun coğrafi problemləri və ərazinin dayanıqlı inkişafına nail olmanın yolları” mövzusunda Beynəlxalq konfrans keçirilib.
Tədbirdə həm də Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Fundamental Coğrafi Problemlər üzrə Birləşmiş Elmi Şurası və REA Fundamental Coğrafi Problemlər üzrə Birləşmiş Şurasının XVIII birgə sessiyası baş tutub.
Coğrafiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, Fəxrəddin Qədirov “Cənubi Xəzər hövzəsinin neft və qaz potensialının geodinamiki modeli” mövzusunda məruzə ilə çıxış edib. Sonra institutun direktoru Ramiz Məmmədov “İqlim dəyişmələrinin və antropogen yüklənmələrin Xəzər dənizinin ekosisteminə təsiri” mövzusunda məruzə edib.
Daha sonra “Kürün illik axınının təbii və antropogen transformasiyası”, “Xəzər dənizinin qərb sahili geosistemlərinin landşaft-ekoloji xüsusiyyətləri”, “Əhalinin ərazi strukturu və Qafqaz regionunda modernləşmə proseslərinin perspektivləri”, “Azərbaycanın dağətəyi rayonlarında məkan planlaşdırılması” və başqa mövzularda edilmiş məruzələr maraqla qarşılandı.
Ümumiyyətlə, Rusiya, Belarus, Qazaxıstan, Gürcüstan və digər ölkələrinn 50-yə yaxın alim-mütəxəssisin, eləcə də Azərbaycandan olan 100-ə yaxın coğrafiyaçı alimin iştirak etdiyi tədbirdə 20-dən artıq məruzə dinlənilib.
Sonrakı 2 gün ərzində konfrans öz işini Böyük Qafqazın şimal-şərq yamacına və Xəzər dənizinin sahillərinə təşkil olunmuş çöl ekspedisiyası ilə davam etdirmiş və müzakirələrə orada yekun vurulmuşdur.
Konfransda Xəzər dənizi regionunun fiziki, sosial-iqtisadi və coğrafi problemlərinin, həmiçinin Avrasiya məkanında müxtəlif coğrafi (regional və lokal) ərazilərin dayanıqlı inkişafının kompleks coğrafi problemləri geniş müzakirə edilmişdir. Sessiya və konfransın iştirakçıları Xəzər dənizi regionu və digər ərazilərin dayanıqlı imkişafı problemlərinə dair “Bakı bəyannaməsi”nın qərar layihəsini qəbul ediblər.
Sevil