"Bir dəfə demişəm, bir daha demək istəyirəm ki, mən turizmi də ixrac növü hesab edirəm. Çünki keçən il xarici turistlər Azərbaycanda 4,3 milyard manat pul xərcləyiblər. Yəni, əgər bunu ixrac növü kimi hesablasaq, neftdən sonra ikinci sahə turizmdir".
Teleqraf.com xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edərkən deyib.
Dövlət başçısı çıxışında turizim sahəsində görülən və görüləcək işlərdən danışıb:
"Məhz ona görə mən turizmin inkişafı üçün kompleks tədbirlərin görülməsini təmin etdim, son illər Azərbaycanda turistlərin sayı artıb və bu gün də artır. Əminəm ki, bu, belə də davam edəcək. Ancaq hər şeyin vaxtı var. Misal üçün biz 10 il bundan əvvəl bu haqda fikirləşsəydik, bəlkə də düzgün olmazdı. Çünki turistlər hara gələcəkdilər – yol yox, işıq yox, otel yox. Hara gələcəkdilər? İndi isə hər şey var. Ən müasir nəqliyyat infrastrukturu – Heydər Əliyev Beynəlxalq Aeroportu, dediyim kimi, beşulduzlu aeroportdur. Bundan başqa turistlərin daha çox gəldikləri yerlərdə də 5 beynəlxalq aeroport var. Həmçinin gözəl otellər var. Azərbaycanda dünyanın bütün aparıcı otellərinin brendləri fəaliyyət göstərir. Onlar nəyə görə buraya gəliblər? Niyə başqa ölkələrə getmirlər? Çünki ölkəmizdə sabitlik var, inam var, vəziyyət proqnozlaşdırılandır və investisiya mühiti, kredit reytinqlərimiz yaxşıdır. “Doing Business”dəki yerimiz yaxşıdır. Onlar görür, arayışa baxır. Dünyanın aparıcı brendi kortəbii olaraq gəlib burada otel tikər? Əlbəttə ki, yox. İqlim gözəldir, 9 iqlim zonamız var, xalqımızın qonaqpərvərliyi, tarixi abidələr, mətbəximiz və əlbəttə ki, sabitlik və təhlükəsizlik. Ona görə turizm sahəsində bu işlər görülür.
Keçən il UNESKO-nun Ümumdünya İrs Komitəsinin sessiyasında Şəki Xan Sarayı Dünya İrs Siyahısına daxil edilib. Qobustan və İçərişəhərdən, Qız qalasından, Şirvanşahlar sarayından sonra bu, bizim növbəti böyük uğurumuzdur. Harada ki, boşluqlar var, biz öz turizm imkanlarımızı gərək səfərbər edək. Məsələn, keçən il Yanardağ tamamilə yenidən quruldu, çox gözəl şərait yaradıldı və demək olar ki, Bakıya gələn turistlərin böyük əksəriyyəti oranı ziyarət edir. Bizim palçıq vulkanlarımız var. Amma oraya heç yol da yoxdur. Hətta yol olsa belə, oraya gedib, bir stəkan çay içmək üçün yer də tapmaq mümkün deyil. Ona görə göstəriş vermişəm ki, bizim Turizm Agentliyimiz bu il bu məsələ ilə ciddi məşğul olsun. Necə ki, bu gün Yanardağa, yaxud da ki, Qobustana hər kəs gedir, palçıq vulkanlarına da hər kəs gedəcək. Çünki biz palçıq vulkanlarının sayına görə dünyada birinci yerdəyik".