3 Mart 2020 14:27
4 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tripofobiya son zamanlar yayılmış qorxu növlərindən biridir. Bu fobiya 2005, daha geniş olaraq isə 2013-cü ildən yayılmağa başlayıb”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında psixoloq Gülnarə Əliyeva deyib.

O bildirib ki, mütəxəssislər tripofobiyanı qorxu növü kimi yox, çox vaxt narahatlıq kimi qiymətləndirirlər: “Çünki fobiya elə bir məhfumdur ki, biz nədənsə qorxuruqsa, bu qorxu daima bizimlə olur. Beynimizi daim məşğul edir. Amma tripofobiyanı xatırladan şəkilləri gördükdə bizdə bu narahatlıq özünü büruzə verir”.

Psixoloqun sözlərinə görə, tripofobiya bir neçə içi oyuq dəliyin cəm halında görüntüsündən insanın narahat olmasıdır: “Bu çiyələk dəlikləri, əldəki yaralar, bal pətəyinin görüntüsü, lotos bitkisinin toxum yuvaları da ola bilər. Səbəbi və müalicəsi hələ də araşdırılmaqda olan ən gənc narahatlıqlardan biridir.

Bəzi fərziyələrdə deyilir ki, fobiya şüuraltımızda hansısa qorxudan müdafiə mexanizmini işə salır və ona şüursuzca reaksiya veririk. Lakin bunların heç biri əsaslı şəkildə qəbul olunmayıb”.

İnsanın dəlik toplusu gördükdə narahatlıq keçirdiyini qeyd edən psixoloq tripofobiyanın əslində qorxu yox, iyrənmə, diksinmə hallarında baş verdiyini vurğulayıb: “Əgər bu halların görüntüsü göz önündə canlanarsa, buna normal da yanaşmaq olar. Bununla belə, əksər insanlar belə görüntünü görəndə diksinir. Bəzilərində bu, diksinmə ilə yanaşı, ürək bulanma, qaşınma kimi reaksiyalarla özünü büruzə verir”.

Tripofobiyanın əsasən yetkin insanlarda rast gəlindiyini deyən Gülnarə Əliyeva narahatlığın müalicəsinin çox çətin başa gəldiyini də qeyd edib: “Bəzi insanlarda müalicələr cavabsız olaraq qalır. Digər qorxulardakı kimi üzərinə getmək lazımdır. Lakin müraciət edənlər bu prosedurda çox iyrənirlər”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər