29 Mart 2020 13:25
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə polis apteklərdə reyd keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon İdarəsinin əməkdaşları xidmət ərazilərində mövcud olan apteklərdə süni qiymət artımının qarşısının alınması, eləcə də maska və spirtə olan ehtiyacın ödənilməsini təmin etmək məqsədilə yoxlama keçirib.

Polis əməkdaşları apteklərdə qiymətlərlə maraqlanıb, eləcə də əczaçılarla profilaktiki söhbətlər aparıblar.

Obyekt rəhbərlərinə qanunun tələbləri ətraflı izah olunub və yarana biləcək süni qiymət artımı və digər neqativ hallarla bağlı qanuna müvafiq qaydada tədbir görüləcəyi bir daha diqqətə çatdırılıb.

Bundan başqa, Xızıda polis əməkdaşları koronavirus pandemiyası ilə əlaqədar maarifləndirmə tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xızı rayon polis şöbəsinin əməkdaşları elan edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi məqsədi ilə rayon ərazisində, eləcə də qəsəbələrdə xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər və tətbiq olunan qaydalar barədə əhaliyə məlumat verirlər.

Bundan əlavə şöbə əməkdaşları qəbul edilən xüsusi karantin rejiminə əməl etməyən, yaşı 65-dən yuxarı olan şəxslərə respublikamızda həyata keçirilən bütün tədbirlərin sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət etdiyini bildiriblər.

Vətəndaşlara bu müddət ərzində özlərinin və yaxınlarının sağlamlıqları üçün evdə qalmalarının vacibliyini qeyd edən polislər, həmin şəxslərin yaşadıqları ünvanlara qaytarılmasını təmin edirlər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər