29 Mart 2020 15:53
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hökumətin başqa əlacı yoxdur. Fövqəladə vəziyyət rejiminə keçilməli, sərt qaydalar tətbiq olunmalıdır. Avtomobillərin fəaliyyəti dayandırılmalıdır. Zərurət olmadan avtomobillərin şəhərlərdə sürülməsi doğru deyil. Vacib sahələrdə işləyən, xidmət göstərən avtomobillər isə xüsusi buraxılışla təmin oluna, belə qəbildən olan şəxslər avtomobillə hərəkət edə bilməlidir. Hesab edirəm ki, bu hərəkət dayanmasa, məsələ insanların öhdəsinə buraxılsa düzgün olmaz. Hər halda insanlar indi vəziyyətə adekvat hərəkət sərgiləmir. Bu, açıq görünür.

Bu fikirləri Teleqraf.com-a BQP sədri, deputat Fazil Qəzənfəroğlu insanların karantin rejiminə uyğunlaşıb-uyğunlaşmadığı haqda suala cavabında deyib.

Millət vəkili əlavə edib ki, daha ciddi karantin rejiminin tətbiq edilməsinin tərəfdarıdır:

“Söhbət ondan getmir ki, insanların zəruri mallara, işə ehtiyacı var. Diqqət edirsinizsə, xeyli sayda insan əslində xüsusi bir işin arxasınca gedən kimi küçədə gəzişmir. Əksinə, sanki zaman öldürür. Evə qapanmaq nə deməkdir? Evdə oturmaq həm də bir fəaliyyətlə məşğul olmaq, oxumaq deməkdir. Oxmaq vərdişi yoxdursa, adam 1 saatdan sonra çölə çıxmağa meyl edəcək. Və ya televiziyaya baxdıqdan sonra bayıra çıxmaq istəyəcək. Bu şeylər həm də cəmiyyətin mədəni mühitinin göstəricisidir. Təsəvvür edin ki, bizdə çoxları özlərini İtaliya ilə müqayisə edirlər. Sözsüz ki, İtaliyada daha çox yaşlı insanların epidemiyaya yoluxması qeydə alınıb. Bizdə yaşlı insanların sayı o qədər deyil. Amma bizdə gənclərin müəyyən hissəsi hələ təhlükəni anlamayıblar. Biz hələ yaşlılardan tutmuşuq. Yaşlılar hələ müəyyən dərəcədə əməl edirlər. Mən şəhərdə gənclərin davranışlarına baxıram, xeyli hissəsi anlamayıb. Belə bir yanlış təsəvvür də var ki, bu, gənclərə, uşaqlara toxunmur. Kimsə bunu təlqin edir və istədiyi formada davranır. Fikrimcə, bu məsələlər ancaq cəmiyyətin öhdəsinə buraxılacaq iş deyil. Ancaq qadağa və məhdudlaşdırma formasında insanlarımızı evdə saxlamaq, ən azı xəstəliyin kütləvi şəkildə yayılmasına imkan verməmək lazımdır. Demək istəyirəm ki, mənim tanıdığım xeyli sayda adam var ki, onlara 10-100 dəfə də deyilsə də, bu adamlar üçün dərkolunmaz bir şeydir. Bunlar hamısı telefonlarda koronavirusla bağlı lağlağı nə varsa onu dinləyirlər. Odur ki, bu cür halların qarşısını sərt qaydalarla almaq olar.

Məsələn, karantin tətbiq edilib. Niyə buna əməl edilmir? Niyə polis xəbərdarlıq etməli, deməlidir ki, evlərinizə qayıdın? Rəsmi şəkildə elan edilib ki, şəhərə giriş-çıxış qadağandır. Adam var ki, xaricdə ad günündə iştirak etmək istəyir və bilir ki, geri qayıdanda təyyarə olmaya bilər. Amma yenə də gedir. Və ya rayona valideynlərimi görməyə gedirəm...”.

Fazil Qəzənfərğlu qeyd edib ki, insanlar koronavirusu müharibə kimi qiymətləndirməlidir:

“Təsəvvür edin ki, müharibədir, göydən bombalar yağır. Sən bu halda niyə rayona gedib 2 günlük istirahət edirsən? Sanki qurdu öldürməyi ölüm riskindən daha üstün sayırlar. Məncə, sərt qaydalar tətbiq edilməlidir, qaydanı mütəmadi pozanlar lazım gəlsə, ayrılan xüsusi yerlərdə 3-4 gün saxlanılmalıdır. Belə sıxıntı içərisində qalan ikinci dəfə zərurət olmadan küçəyə çıxmayacaq. Məsləhət, təklif, nəsihət işə yaramıyanda sərt qaydalar və məcburiyyət ön plana çıxmalıdır”.


Müəllif: Cavad