29 Mart 2020 23:43
2 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Anna Cəfərova: "Uşaqlar 99 faiz sağalıb, yoldaşımda isə simptomlardan yalnız öskürək qalıb"

Mart ayı Azərbaycanda dərd ayı kimi tanınır. Elə Kanadada da martda qrip, soyuqlama və s. kimi hallara tez-tez rast gəlinir. Etiraf edək ki, indi adi soyuq dəyən adam da koronavirus şübhəsindən stresə düşür. Mən də bir neçə gün öncə boğaz ağrısı və öskürək şikayəti ilə qaynar xəttə zəng etdim, koronavirus olmadığımı dedilər, amma ürəyim soyumayıb, yoxlanmaq üçün terapevtin yanına getdim. Yalnız onun ürək-dirək verməsindən sonra sakitləşdim. Hətta psixoloji olaraq hərdən gecələr boğulduğumu hiss edirdim. Əminəm ki, mənim kimi insanlar az deyil. Bunu nəzərə alaraq ailəsində koronavirusdan əziyyət çəkən yoldaşı və iki övladına baxan Anna Cəfərova ilə söhbətləşdik.

Kanadanın Toronto şəhərində yaşayan müsahibimizlə xəstəliyin əlamətlərindən tutmuş xəstəyə qulluğa qədər hər şeydən danışdıq.

- Anna, nə zaman və necə oldu ki, həyat yoldaşınızın koronavirusdan əziyyət çəkdiyini öyrəndiniz?
- Yoldaşım martın 19-u işdən gələndən sonra axşamdan özünü yaxşı hiss etməyib. Martın 20-də səhər işə getmədi. Məlum oldu ki, gecədən qızdırması olub, hələ də var. Bədəninin, başının ağrısından yerindən tərpənə bilmirdi. Quru öskürək isə vəziyyətini daha da pisləşdirirdi.

Qızdırması 39.9 idi, parasetamol tərkibli Tylenol verdim, qızdırması asanlıqla düşdü. Amma aradan 20-25 dəqiqə keçdi, qızdırması yenidən qalxdı. Ümumiyyətlə, qızdırma oynayırdı, yarım saat ərzində gah 39.9, gah da 35.5 olurdu. Özünü yaxşı hiss etmədiyindən İnternetdən Kanadanın rəsmi saytına daxil oldum və yoldaşımın adından onlayn testdən keçdim. Bütün əlamətlər koronavirusla üst-üstə düşürdü...


- Və yəqin qaynar xəttə zəng etdiniz. Ətrafda bu xəstəliyə yoluxanlardan eşitdiyimə görə hər adamı test etmirlər. Yalnız xaricdən qızdırma ilə Kanadaya dönənləri və ağır vəziyyətdə olanları, xüsusilə yaşlıları test edirlər. Səbəb də test çatışmazlığıdır. Həm də böyük ehtimalla bilirlər ki, 40-50 yaşa qədər xroniki xəstəliyi olmayan adamlarda ev şəraitində sağalma ehtimalı böyükdür. Sizdə necə oldu, yoldaşınızı test etdilər?
- Onlayn testdə yoldaşımın koronavirus olma ehtimalı səbəbindən qaynar xəttə zəng vurmağa çalışdım. Bilirdim ki, təcili yardıma getmək mənasızdır. Çünki Kanadada qaydalara uyğun olaraq, təcili yardımda 4-5 saat növbəmizi gözləməliydik. Yoldaşımın səhhəti buna imkan vermirdi, üstəlik, 3 uşağı aparıb virusa yoluxduracağımdan qorxurdum. Səhər saat 9-dan zəng vurmağa başladım və günortadan sonra saat 4-də nömrələrdən birinə düşdüm. Vəziyyəti izah etdim və nə etməli olduğumu soruşdum. Bildirdilər ki, 14 gün ərzində ailəlikcə evdə oturub özümüzü izolyasiya etməliyik, yoldaşım da ayrıca otaqda qalmalıdır. Əlavə etdilər ki, simptomlar zəif olduğu üçün test etməyəcəklər, yalnız halı pisləşsə, nəfəs ala bilməsə və qızdırması kritik həddə çatsa, ya hospitalların təcili yardım bölməsinə gedək, ya da təcili yardımı evə çağıraq, yoldaşımı aparsınlar.

Yalnız ağır formaya keçəndə test edəcəklərini dedilər. Həkim məsləhətinə ehtiyac duyduğumu və hansı dərmanları verə biləcəyimi soruşduqda, müalicəsinin olmadığını, 14 gün evdə oturmağın vacibliyini bildirdilər.

Koronavirusla bağlı şikayəti olanlara xidmət göstərən başqa bir nömrəyə zəng etdim. Nömrə daim məşğul olduğundan elektron məktub yazdım. Dörd gündən sonra e-mailimə cavab gəldi. Cavabda 14 gün evdə qalmağımız tövsiyə edilirdi. Bundan başqa, karantin dövründə qorunma yolları, vəziyyət pisləşsə haralara müraciət etmək lazım olduğu barədə ətraflı məlumat göndərdilər.

- İndi azca öskürən də, asqıran da koronovirusa yoluxduğundan şübhələnir. Mümkündürsə, təcrübnizə əsaslanaraq, koronavirusla digər qrip virusları, soyuqdəyməni fərqləndirən əlamətlər barədə məlumat verərdiniz.

- Bizim bildiyimiz qrip virusuna oxşar cəhətləri çoxdur. Amma fərqli, gözə çarpan bu idi ki, burun axması, asqıraq, göz qızartısı yox idi. Koronavirusda əsasən tez-tez oynayan qızdırma, quru öskürək, möhkəm bədən, baş ağrıları, boğazda quruluq, öskürərkən boğazda yanma hiss edirsən.

Bundan başqa, yoldaşımda dadbilmə, iybilmə qabiliyyəti itmişdi və iştahası tamamilə yox idi. O qədər halsız olurdu ki, yerindən belə dura bilmirdi. Yoldaşımda öskürəklə başladı, ardınca hərarəti yüksəldi və daha sonra başqa əlamətlər özünü göstərdi.

- Və bir gün sonra 2 yaşlı qızınızda sözügedən virusun əlamətləri hiss olundu. Qızınızda necə başladı?

- Qeyd edim ki, onu hər gün atası yatızdırırdı. 7 gün idi ki, bağça bağlandığından qızım evdə idi. Amma bildiyimiz kimi, 14 gün koronavirus gizli qala bilir.

Qızım növbəti gün günorta 39.9 qızdırma ilə yuxudan oyandı. Dörd dəfə qaytardı. Qızdırması yoldaşımda olduğu kimi, oynayırdı, bədən ağrıları başladı. Amma şükürlər olsun ki, atasındakı kimi quru öskürəkdən əziyyət çəkmədi. Soyuq olan kimi burun axması olan uşağın burnu axmadı.

- Bəs 13 yaşlı qızınızda sözügedən virusun əlamətləri nə zaman özünü göstərdi?
- Kiçik qızım günortanı, böyük qızım həmin gün axşamı boğazının ağrıdığını və quruduğunu dedi və öskürməyə başladı. Balaca qıza çox diqqət göstərdiyimdən, böyük qızımın özünü virusa yoluxmuş kimi apararaq diqqət çəkmək istədiyini düşündüm.

Səhərisi gün qızdırması yüksəldi, halsızlaşdı. Boğaz ağrısı və öskürək də öz yerində, arxasınca da qaytardı. Qizdırması 3 gün oynadı.

Yoldaşımdan və kiçik qızımdan fərqli olaraq, böyük qızımda boğaz ağrısı və burnunda quruluq olduğu üçün tez-tez Xolestrolla qarqara edirdim və burnuna nəmləndirici sprey tökürdüm.

- Qərib ölkə, heç bir köməyiniz yox, üç uşaqdan ikisinin və həyat yodaşınızın sizin xüsusi qayğınıza ehtiyacı var... Necə çətin olduğunu təsəvvür edirəm. Şükürlər olsun ki, oğlunuzdan və sizdən yan keçdi. Eyni dam altında üç viruslu yaxınınıza qulluq etmək və eyni zamanda özünüzü və oğlunuzu qorumaq o qədər də asan deyil. Necə qorundunuz?

- Düzünü deyim, düşünmürəm ki, üç xəstəyə baxmaq dəhşətli dərəcədə çətin oldu. Mənə çətin gələn hamının eyni anda nəsə istəməsi idi. Hamıya eyni anda qızdırma salan dərman, qaytarmaq təhlükəsi olduğundan vanna verməliydim...

Həmin anlarda xəstəxanalarda çalışan tibb işçilərinin nələr çəkdiyini yaxından hiss etdim.
İlk gündən yoldaşım evdə ayrıca otaqda qaldı, maskası da yanında. Çayı birdəfəlik stəkanlarda verirdim, otağa maska və əlcəklə daxil olur, otaqdan da çıxandan sonra əllərimi təmiz-təmiz yuyurdum.

Evi xlor qarışıq suyla yudum, hər yeri xlorlu su ilə sildim. İki gün yaxşı qorunduq. Uşaqlar belə anlayırdı ki, ataları olan otağa girmək olmaz, çünki orada korona var. Hərdən otağı açıb deyirdim ki, atanızı görmək istəyirsinizsə, baxın. Qaçırdılar ki, "yox, orada korona var". Həm gülməli, həm də ağlamalı məqam idi. Qızlar da xəstələnəndən sonra artıq qorunmadım, çünki mənasız idi. İndi oğlumun və özümün nə zaman bu virusa yoluxacağımızı gözləyirəm.

- Artiq ailə üzvlərinizin sözügedən virusa yoluxmasından 10 gün vaxt kecib. Yoldaşınız, uşaqlar necədirlər?
- Uşaqlar 99 faiz sağalıb. Yoldaşımda isə simptomlardan yalnız öskürək qalıb.

- Təcrübəniz bizim üçün çox qiymətlidir. Koronavirusla necə mübarizə apardınız?
- Kanadanın səhiyyə sisteminin "nəbz"ini tutduğumdan və mənim vəziyyətimdəki insanların çox olduğunu araşdırdıqdan sonra sükanı öz əlimə aldım. Bir şey ki, sizə deyirlər ki, müalicəsi yoxdur, özünüz bildiyiniz kimi qızdırmanı salın və xəstəliklə mübarizə aparın.

Yoldaşıma öskürək əleyhinə sirop, bədən ağrılarını azaldan krem, bol zəncəfilli isti çay verirdim. Tez-tez otağının pəncərəsini hava alması üçün dəyişirdim. Bir də əsas odur ki, bu cür xəstələr yaxşı-yaxşı dincəlməli, yuxu rejimləri normal olmalıdır.

Uşaqların bu virusu yüngül keçirdiyi deyilirdi. Hesab edirəm ki, elə də oldu. Uşaqlara da, elə yoldaşıma da zəncəfilli isti, ilıq maye, yataq rejimi, dincəlmək, C vitamini qəbulunun kömək etdiyini düşünürəm. Təbii ki, boğaz, bədən ağrısı, hərarət, öskürək üçün dərmanlar da öz yerində...

- Bildiyimiz kimi, Toronto kimi bahalı şəhərdə yaşamaq üçün mütləq işin olmalıdır. Xəstəlik səbəbindən yoldaşınız işləmir və yəqin ki, hələ bir müddət də karantində qalacaq. Hökumət hansısa formada yardım edəcək?
- Yoldaşımın işə çıxacağını səbirsizliklə gözləyirik. Çünki Kanadada yaşayanlar yaxşı bilir ki, hər ayın sonu böyük miqdarda kirayə və s. xərcləri ödəməlisən və işləməsən, bu, mümkün deyil. Yaxşı xəbər budur ku, dövlət xüsusi proqramlar hazırlayır. COVİD-19 virusu səbəbilə işləri dayanan işçilər, sahibkarlar, karantində olan ailələr bu proqramda nəzərə alınacaq. Hətta uşaq pullarının üzərinə 300 dollara qədər pul əlavə ediləcək. Aprelin 1-dən İnternetdə onlayn ərizə formalarını dolduracağıq və seçdiyimiz kateqoriyaya görə hər ay pul yardımı alacağıq.

- Azərbaycanda yaşayan yaxınlarımla danışanda hiss edirəm ki, orada COVİD-19-a dırnaqarası baxanlar xeyli saydadır. Düşünürlər ki, nədirsə siyasətdir, dövlətlərin oyunudur. Əslində oyun olduğu aydındır, amma bu, virusun yoxluğuna dəlalət etmir axi, insanların sağlamlığı üzərində qurulan real oyundur... Təcrübənizdən çıxış edərək insanlara nə demək istərdiniz?
- Yalnız onu deyə bilərəm ki, yaxınlarınızı qoruyun. Əgər mənim sadaladığım simptomları özünüzdə hiss etsəniz və evdə yaşlı valideynləriniz, yaxud xroniki xəstəliyi olanlar varsa, mütləq şəkildə onlardan uzaq durun, ən azı 2 metr məsafə saxlayın və evdə maskada gəzin. Virusun aktiv fazası hərarətin qalxdığı və öskürəyin olduğu dövrdür. İnsanları ən çox bu dönəmdə yoluxdurursunuz. Həmin günlər qətiyyən evdəki digər otaqlara keçməyin. Səhv etmirəmsə, Azərbaycanda sözügedən xəstəliyin simptomları olan kimi insanları məcburən xəstəxanaya yatırdırlar. Əgər belədirsə, sevdiklərinizi qorumaq üçün özünüz xəstəxanaya getmək üçün müraciət edin. Ən əsası özünüzü stresə salıb qorxutmayın, stres immun sistemini aşağı salır, sağalacağınıza əmin olun. Necə deyərlər, ellə gələn dərd toy-bayamla gedər...

Lalə MUSAQIZI


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər