2 Aprel 2020 20:31
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Teleqraf.com xəbər verir ki, əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək aşağıdakı qaydada tətbiqi ilə bağlı qərara alır:

1. Aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir:

• Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları;

• Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;

• mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;

• İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Aparatının əməkdaşları;

• dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;

• Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları;

• Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları;

• dövlət əhəmiyyətli və həyat təminatı obyektlərinin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəli siyahı əlavə olunur);

• dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları;

• hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;

• kütləvi informasiya vasitələrinin əməkdaşları;

• Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).

2. Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:

• dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli siyahı əlavə olunur);

• Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri;

• fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları.

3. “ASAN Könüllüləri” İctimai Birliyi, "Regional İnkişaf" İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatı, “Bir” tələbə-könüllüləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

4. Bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir:

• təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;

• ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar;

• yaxın qohumunun dəfnində iştirakla əlaqədar.

Bu şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir.

1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);

2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir);

3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün.

Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır:

• Azərbaycan Respublikasının vətəndaşları üçün – şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE11111111),

• Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)1111111),

• Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111).

Nümunə: ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün 2 AZE1111111 məzmunlu SMS məlumatı göndərilməlidir.

Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.

Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”in) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər.

Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər barədə məlumatları “icaze.e-gov.az” portalına 3 aprel 2020-ci il saat 10:00-dan etibarən daxil etməlidirlər.

Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir.

Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir.

1 nömrəli əlavə

Əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin Siyahısı

1. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

2. “Azəriqaz” İstehsalat Birliyi

3. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

4. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

5. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

6. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (onun törəmə və birgə müəssisələri)

7. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

8. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti

9. “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti

10. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti

11. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti

12. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

13. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

14. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

15. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

16. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi

17. Bakı Nəqliyyat Agentliyi

18. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti

19. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti

20. Dövlət Dəniz Agentliyi

21. Dövlət Mülki Aviasiya Agentliyi

22. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi

23. Çörək və digər ərzaq məhsullarının istehsalı, tədarükü və təchizatı müəssisələri

2 nömrəli əlavə

Məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkətinə yol verilən dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin
Siyahısı
1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi

4. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

7. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi

8. Azərbaycan Respublikasının Energetika Nazirliyi

9. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

10. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

11. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

12. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

13. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

14. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

15. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

16. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi

17. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

18. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

19. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

20. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi

21. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

22. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi

23. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)

24. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

25. Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlətə məxsus banklar

26. Azərbaycan Respublikasının Dövlət Neft Fondu

27. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları

28. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

29. Azərbaycan Respublikasının Dənizkənarı Bulvar İdarəsi

30. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

31. Azərbaycan Respublikasının Hesablama Palatası

32. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

33. Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondu

34. Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu

35. “Azərkontrakt” Səhmdar Cəmiyyəti

36. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı.

[Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib - Gallery Image]
[Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər