13 Aprel 2020 10:27
2 578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Düşünmək vaxtı” rubrikasının qonağı şair Emin Piridir.

Onunla müsahibəni təqdim edirik:

- Dünya cəfəng və anlaşılmaz prinsiplər üzərində qurulub. Şopenhauer bunu deyəndə haqlı idimi, ?

- Öncə baxmaq lazımdır ki, bizə görə cəfəng nədir. İnsanlar özlərinin düşüncələrinə uyğun olmayan fikirlərə “cəfəng” deyir. Bu, eyni zamanda, normal və anormal məsələsidir. Misal gətirək, insanın dörd əlli olsa, o, bizə anormal görünəcək. Halbuki o dörd əlin dördü də yaxşı işləsə, ideal sayılmalıdır. Amma bizə görə anormaldır. Bizim kimi olmayanlara anormal, fikri bizim kimi olmayan fikirlərəsə cəfəng deyirik. Əslində isə hər şeyin qəlibi var. Anlamadıqlarımıza ya cəfəng deyirik, ya da izahda çətinlik çəkdiyimiz nəsnələrəsə dahilik - möcüzə yarlığı yapışdırırıq.

- Niyə insanlar din gətirən peyğəmbərlərə yaxşı davranmadılar – birini mişarla kəsdilər, birini daşa basdılar, birini də çarmıxa çəkdilər?

- Bütün bunlar rəqabətdən və yuxarıda qeyd etdiklərimdən irəli gəlir. Hər yeni gələn peyğəmbər əksər hallarda özündən öncəki düzəni dəyişdirməyə cəhd edib. Öldürlmə səbəbləri bir növ düzəni pozmamaq üçündür. Bu, həm də köhnə düzənin sahiblərinin öz hökmranlığını itirmək qorxusundən irəli gəlirdi. Bu gün bizə görə mental dəyərlərə toxunan nələrisə tənqid edir, əlimizdə olsa,, fiziki zərər vurmağa çalışırıqsa, bu da onun kimidir. Hər yeni gələn peyğəmbər bir növ köhnə mental dəyərləri dağıtmağa cəhd edib. Kobud olsa da bunu bir qədər “Xaç atası” filmindəki mafiya liderinin sözüylə izah edərdim, “Bu sadəcə bir biznesdir”.

- Nə düşünürsən, peyğəmbərlər arasında niyə qadın olmadı?

- Qadın olmadı? Bu, gerçək deyil. Qadınların bir növ hökmran olduğu dövrdə - Anaxaqanlığında yəqin ki, qadın peyğəmbərlər, bütləşdirilmiş şəxslər olub. Ataxaqanlığına keçiddən sonra bir növ kişilərin qisası başladı. O bütlər hamısı sıradan çıxarıldı. Yaddaşlardan silindi. Həmçinin Anaxaqanlığı dövründə az qala yazılı ədəbiyyatın olmaması və ya məhdud olması, o qadın peyğəmbərlərin adlarının bugünkü günə qədər gəlib çıxmasına mane olub.

Digər yandan, peyğəmbərlər dövrü daha çox tayfa və dövlət anlayışının ortaya çıxmasından sonra başlayıb. Həm dövlətlərin yaranması, həm də Ataxaqanlığının yaranması dövrlərindən danışırıq. Hökmranlığı nəsildən nəslə ötürmək, sabitlik yaratmaq, mütləqiyyəti möhkəmləndirmək üçün hökmdarlara ilahi sifət vermək lazım idi. Beləliklə, peyğəmbərlər ortaya çıxmağa başladı. Fikir versəniz, peyğəmbərlərin böyük əksəriyyəti əyan nəslindən, ya da dövlət rəhbərləri, vəzifəlilər və onların nəslindəndir. O zaman nə dediyimi tam anlamış olarsınız.

- Roman Rolland deyirdi ki, yoxsullardan uzaqlaşdıqca, sənət yoxsullaşır. Bu haqda nə düşünürsən?

- Faciələr, müharibələr nə qədər qorxulu görünsə də, incəsənətin qidasıdır. Böyük incəsənət əsərləri faciələr və onların yaratdığı duyğu, hislərin hesabına ortaya çıxıb. Yoxsulluğu isə bununla izah edərdim. Koronavirus epidemiaysını götürək. Bir neçə ilə bu virus və bunun yaratdığı nəticələr haqda romanlar, əsərlər yazılacaq, filmlər çəkiləcək. Onların bir çoxu beynəlxalq mükafatlar alacaq. Neçəsini isə bəşər tarixinin ən möhtəşəm sənət nümunələri adlandıracağıq. Bir növ koronavirus incəsənəti daha da irəli aparacaq. Sadəcə, yeni faciələr köhnə faciələri, o faciələrin yaratdığı sənət nümunələrini kölgəyə atır. Yeni faciələr yeni möhtəşəm əsərlərdir. Qəribə olsa da, həqiqət budur.

- Şopenhauer onu da yazırdı ki, xoşbəxt olmaq asan deyil, bunu özünüzdə tapmaq çox çətindir, başqa bir yerdə tapmaq isə mümkün deyil...

- Xoşbəxtlik və bədbəxtlik nisbidir. İnsan ümumiyyətlə, niyə xoşbəxt və bədbəxt olduğunu düşünməlidirmi, bilmirəm. Onu deyə bilərəm ki, xoşbəxt olduğunu sanan insan mahiyyətcə bədbəxtdir. Amma kiçik də olsa, xoşbəxtlik insanın öz dünyasında - içində yatır. Kənara açılqdıqca, kənarda axtardıqca əslində dediyimiz o xoşbəxtlikdən uzaqlaşırıq. Bunu özündən kənarda tapmaq mümkün deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər