18 Aprel 2020 16:45
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusla bağlı görülən tədbirlər istər sosial- iqtisadi, istərsə də digər istiqamətlərdə çox böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev ötən gün öz humanistliyini bir daha göstərərək məhz yardıma ehtiyacı olan insanların sayının 200 mindən 600 minə qədər artırılmasıyla bağlı qərar qəbul etdi. Bu, çox mühüm əhəmiyyət kəsb edir və böyük bir sferanı əhatə edir.

Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Arzu nağıyev deyib.

O bildirib ki, burada əsas məsələ Azərbaycan vətəndaşının rifahı, onun təminatıdır:

"Burada məqsəd 2 aylıq təminat ala biləcək Azərbaycan vətəndaşının bu proseslərdə zərər çəkməməsidir. Eyni zamanda, böyük şirkətlərdə yenidən işə götürmə, işləməyən şəxslərin tam şəkildə işlə təmin olunması vacib məsələlərdəndir. Digər problemlərdən biri də həkimlərimiz və bu prosesdə iş başında olan digər şəxslərlə bağlıdır. Onları da diqqətdən yayındırmırlar. Həmçinin əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılaraq 400 kvts.-ə qədər yüksəldilib. Tələb olunan 2 aylıq vəsait 10 milyon manatdır. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi nəzərdə tutulur. Bu istiqamətdə 40 milyon manat ayrılıb".

Millət vəkili məşğulluq orqanlarının fəaliyyətinin gücləndirildiyini vurğulayıb:

"DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Artıq 5 min şəxs işə cəlb edilib. Ümumilikdə ictimai iş yerlərin sayı 90 minə çatıb. Xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb edilib və hazırda da işləməyə davam edirlər".

Arzu Nağıyev qeyd edib ki, karantin müddətinin uzadılması zərurətdən doğur:

"Cənab Prezident sosial məsələlərlə yanaşı, məhdudiyyətlərin müəyyən qədər artırılmasının vacibliyini qeyd edir. Karantin müddətinin uzadılması ilə bağlı Operativ Qərargahın açıqlaması olacaq. Baxmayaraq ki, müsbət tendensiya var, ancaq tam şəkildə nəzarəti bərpa etmək üçün bu addım çox vacibdir. Düşünürəm ki, koronavirusla mübarizədə ölkə rəhbərliyi başda olmaqla, Azərbaycan hakimiyyəti çox böyük addımlar atır. Qalan digər məqamlar isə artıq Azərbaycan vətəndaşının məsuliyyəti ilə bağlıdır. Bütün bu addımlar nəticəsində çox az itki ilə vəziyyətdən çıxa bilərik".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər