Neftin qiymətinin dünənki kəskin ucuzlaşması Amerika bazarlarında müşahidə olundu. Doğrudur, Avropa bazarında da bəzi marka neftlərin qiymətində kəskin eniş baş verdi, bu hal əsasən Rusiya neftində müşahidə edildi. Ancaq qarışıqlıq Amerika bazarına aiddi.
Bu sözləri Teleqraf.com-a açıqlamasında “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
O qeyd edib ki, indiyədək neft tarixində belə hadisə olmayıb: "Səhər tezdən xəbər yayıldı ki, artıq Amerikanın ən böyük Oklahoma ştatında neft ehtiyatı olan anbarlar dolur. Orada olan neft həm ixraca, həm də neftayırma zavodlarına göndərilir. Buna görə də hasilatçı şirkətlər hasil etdikləri nefti dəyərə çevirə bilmirdilər. Əmtəəni dəyərə çevirə bilmədikdə o, qiymətdən düşür.
Eləcə də dünən mənfi qiymət məsələsi gündəmə gəldi. Əgər birja neftin 73 dollarından asılmışdısa, mənfi 37 dollarla birja bağlanmışdı. Hər min barelə 37 min dollar pul ayırdılar ki, hasil olunan nefti sadəcə götürüb aparsınlar".
Azərbaycan neftinə 15 dollardan bir az yuxarı qiymət təklifi gəldiyini deyən İlham Şabanın sözlərinə görə, SOCAR neftin bu qiymətə satıldığını təsdiqləyib: "Bu, neftin maya dəyərindən ucuzdur, biz də minusa öz neftimizi satmağa məcbur olduq.
Gömrük Komitəsinin son məlumatına, hesabatına nəzər yetirsək, xam neft bizim ümumi valyuta gəlirlərimizin 75 faizini təşkil edir. Neftin bu dərəcə ucuzlaşması və müəyyən partiyaların gəlir gətirməməsi Azərbaycan iqtisadiyyatına son dərəcə mənfi təsir edən amildir. Qiymətlərdə dəyişiklik olacağı gözlənilir. Koronavirus pandemiyası bitdikdən sonra dünya iqtisadiyyatı yavaş-yavaş dirçəldikcə, neftin də dəyəri artacaq".