Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) xüsusi karantin rejimi müddətində 220-dək aztəminatlı ailəyə ərzaq yardımı və maddi dəstək göstərib.
Assosiasiyadan Teleqraf.com-a bildirilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də AQSİA-ya yönləndirdiyi ailələr də ərzaq yardımları ilə təmin olunub.
Sosial aksiyanın paytaxtın Binəqədi, Yasamal, Suraxanı, Nərimanov, Sabunçu, Nizami rayonlarını, eləcə də Abşeron rayonunu əhatə etdiyini deyən AQSİA-nın sədri Səkinə Babayeva humanist addımı həyata keçirməyə dəstək olan, hər zaman öz insansevərliyi ilə seçilən assosiasiya üzvlərinə təşəkkürünü bildirib: “Bu xeyirxah missiya çərçivəsində həyata keçirdiyimiz layihədə dövlət qurumlarından və sosial mediadan bizə verilən ünvanlardakı aztəminatlı ailələri, həmçinin sosial şəbəkələrdən bizə üz tutan insanların qismən də olsa ərzaqla təmin etməyə çalışmışıq. Onu da qeyd etmək istərdim ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının xeyriyyə aksiyaları karantin müddətinin sonunadək davam edəcək”.