Cəbhə bölgəsində yerləşən hərbi hissələrin birində bölmələrin döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan hərbi hissə komandiri döyüş növbətçiliyinə daxil olan bölmələri təbrik edib, onlara müvafiq tövsiyə və tapşırıqlarını verib.
Sonra döyüş hazırlığında ən yaxşı nəticələr göstərərək xüsusi fərqlənən hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib. Döyüş növbətçiliyinə daxil olan hərbi qulluqçular nümunəvi xidmət göstərəcəkləri və düşmənə qarşı amansız olacaqlarını bildiriblər.
Sonda bölmələr təntənəli surətdə döyüş mövqelərinə yola salınıb.