Bu ilin 30 aprel tarixində Xəzər dənizində Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarının saxlanılması zamanı silah tətbiq etməsi nəticəsində həyatını itirmiş Qəhrəman İbrahimovun nəşi 5 may tarixində, ölkəmizin diplomatik nümayəndəliyinin iştirakı ilə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Mangistau əyaləti üzrə Sərhəd Xidmətininin hərbi gəmisi ilə Azərbaycan tərəfinə təhvil verilməsi məqsədilə yola düşüb.
Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib.
Vətəndaşımızın nəşi Xəzər dənizinin ümumi su məkanında bu gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi gəmisinə təhvil veriləcək. Azərbaycan ərazisinə gətirildikdən sonra vətəndaşın nəşi ailəsinə veriləcəkdir.
“Qeyd etmək istərdik ki, Qazaxıstan Xarici İşlər Nazirliyindən Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olmuş notada baş vermiş insident zamanı həyatını itirmiş Azərbaycan vətəndaşı Qəhrəman İbrahimovun ailəsinə başsağlığı bildirilir, eləcə də Qazaxıstan tərəfindən sözügedən insidentin hərtərəfli və obyektiv araşdırıldığı və nəticələr barədə Azərbaycan tərəfinin məlumatlandırılacağı qeyd olunur”, – deyə XİN-in məlumtında qeyd olunur.