19 May 2020 17:50
1 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyasının təsir etdiyi sahələrdən biri də təhsildir. Bu ilin mart ayından ölkəmizdə təlim-tədris müəssisələrinin fəaliyyyəti dayandırılıb və onlayn tədris sisteminə keçirilib. Onlayn dərslərdə iştirak edənlər az deyil, amma bir qisim bundan kənar qaldı. Hazırda isə bəzi ali təhsil müəssisələrində imtahanlar onlayn təşkil olunur. Proses necə aparılacaq? Güzəştlər gözlənilirmi?

Mövzu ilə bağlı Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibii İlqar Orucov Teleqraf.com-un suallarını cavablandırıb.

- İlqar müəllim, artıq bəzi ali təhsil müəssisələrində semestr imtahanlarının onlayn keçirilməsinə başlanılıb. Siz bu prosesi necə dəyərləndirirsiniz?

- İmtahanların onlayn keçirilməsi dünya təcrübəsində də var. Biz də o fikirdəyik ki, imtahanların ənənəvi formada keçirilməsi daha effektiv, daha səmərəlidir. Amma mövcud reallıq və pandemiya təhlükəsi bizi bir çox qeyri-ənənəvi üsullara vadar etdi. Bunlardan biri də imtahanların onlayn keçirilməsi məsələsidir. Burada hər hansı köçürmə halları və digər təsirlərin olacağını zənn etmirəm.

Bu yaxınlarda Təhsil Nazirliyinin müəllimlərin işə qəbulunda (MİQ) daimiləşmə ilə əlaqədar müsahibədə Təhsil Nazirliyinin İctimai Şurasının məsul katibi kimi iştirak etdim. Proses o qədər şəffaf və doğru qurulub ki, iştirakçının kənardan kömək alması qeyri-mümkündür.

- Köçürmə halları və başqa təsirlərin olmayacağını qeyd etdiniz. İmtahan prosesi necə baş tutacaq?

- Bu imtahanlar şifahidir. İmtahan prosesinə rəhbərlik edən müəllimlərin birbaşa onlayn sistemdə kamera önündə tələbə ilə ünsiyyəti baş tutur. Burada sual-cavab formatında heç bir kömək, əlavə təsirlər mümkün deyil. Buna görə də fikirləşirəm ki, universitetlərin imtahanları onlayn şəkildə keçirmək imkanları varsa, burada hər hansı neqativ hal axtarmağa ehtiyac yoxdur.

Arzu edərdim ki, bütün ali təhsil müəssisələrində də məhz bu cür təcrübələr tətbiq olunsun. Bildiyim qədərilə bir sıra universitetlərdə bu istiqamətdə planlar mövcuddur.

- Nəzərə alaq ki, semestr müddəti 2 həftə idi başlamışdı. Onlayn dərslərdə hər kəs iştirak edə bilmədi. Olmazdımı ki, tələbələrə müəyyən güzəştlər olunsun?

- Mən tamamilə sizinlə razıyam. Mart ayının əvvəlində dərslər dayandırıldı və bu, gözlənilən hal deyildi. Amma bütün təhsil müəssisələri təhsil alanlara məsafədən dərslər keçdi.

Əksinə, hazırkı dövrdə məsafədən təhsili, məsafədən qiymətləndirməni təqdir edir və burada hər hansı qüsur və nöqsan axtarmaq niyyətində deyiləm. Təbii ki, vəziyyət düzələcək, əvvəlki sistemə qayıdacağıq, o zaman ənənəvi imtahanlar keçirmək mümkün olacaq. Amma hazırkı durumda bizim üçün vacib olan insanların sağlamlığıdır.

Mən o fikirdə deyiləm ki, bu şəraitdən istifadə edib, tələbələrimizi bilikdən məhrum etməli və yaxud onların biliklərinin qiymətləndirilməsində qeyri-şəfafflığa rəvac verməliyik. Əksinə, yeni texnologiyaların köməyi ilə imtahanları onlayn rejimdə keçirmək mümkündür. Bununla bağlı dünya təcrübəsi də öz sözünü deyir. Ali təhsil müəssisələrimizin bir çoxları bu təcrübəni tətbiq edirlər. Mən bu addımı alqışlayıram.

- İmtahanların təşkili ilə bağlı Təhsil Nazirliyinə təkliflər etmisinizmi?

- Biz Təhsil Nazirliyinə, ali təhsil müəssisələrinə bununla bağlı təkliflərimizi bildirmişik. Eyni zamanda, Təhsil naziri Ceyhun Bayramovla onlayn müşavirəmiz baş tutdu və təkliflərimizi onun diqqətinə çatdırdıq.

Təkliflərimin biri də ondan ibarət idi ki, son üç ayın dərsləri - mart ayının əvvəlindən dərs ilinin sonunadək keçirilən mövzular imtahanlarda nəzərə alınmasın. Hazırda keçirilən imtahanlar tələbələrə heç bir problem yaratmayacaq. Məlumat üçün bildirim ki, bu qiymətləndirmə tələbələrin ümumi qiymətlərinə təsir göstərməyəcək.

Təkliflərimizdən biri də o idi ki, təhsil müəssisələri tələbələrini tanıyırlar, əvvəlki yarımilin və əvvəlki illərin səviyyəsinə uyğun olaraq tələbələr qiymətləndirilsin. Bu cür qiymətləndirmələr orta məktəblərdə də həyata keçiriləcək. Burada məqsəd tələbələr nəyi mənimsəyə bildilər, nəyi öyrənə bilmədilərsə növbəti tədris ilində bu çatışmazlıqları aradan qaldıracağıq.

- Mövcud vəziyyətdən narazı olan tələbələrimiz də var...

- Mən təhsil alanlarımızı əmin etmək istəyirəm ki, narahatlığa əsas yoxdur. Vəziyyətə müvafiq olaraq atılan addımlar yalnız ona hesablanıb ki, təhsil alanlarımız proqramda nəzərdə tutulan mövzulardan geri qalmasınlar. Onlar bütövlükdə təhsil aldıqları müddətdə nəzərdə tutulan proqramları mənimsəyə bilsinlər. Burada təəccüblü və təhlükəli məqam görmürəm. Bütün bunlar tələbənin və təhsil alanların xeyrinə olan qərarlardır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər