28 May 2020 16:08
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan xalqının diriliş gününü, xalqın öz siyasi şəxsiyyətini qazandığı günü şükranlıqla anmamızın əsas səbəbi budur ki, bu günü bu millətin o zamankı nəsli olmayan siyasi coğrafiya, olmayan ordu, olmayan dini təsisat, olmayan paytaxt, olmayan ədəbi dil amilləri üzərindən icad edə bildilər. Hər tərəfdən caynaq atılmış tarixi Vətənimiz varıdı, bu Vətənə şəxsiyyət qazandıran dövlətimiz yoxudu”.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib.

Fazil Mustafanın sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti qurulan dönəmdə rus ordusundan qalan bir neçə generalımız vardı, qaçaqlarımız, qoçularımız vardı, lakin əsgərimiz yoxdu:

“Bizi bir ərazini dolduran kütlədən hürr bir dövlətin vətəndaşı mərtəbəsinə yüksəldən bu günün lazımınca dəyərini verdiyimizi düşünmürəm. Bu, böyük bir kəşf idi, bu, heç bir ciddi dövlət təcrübəsi olmadığı halda şəraitin qısa müddətdə müdrik siyasətçilərə və dövlət adamlarına çevirdiyi Məhəmməd Əmin bəyin, Əlimərdan bəy Topçubaşının, Fəthəli Xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Üzeyir bəy Hacıbəylinin, Xosrov bəy Sultanovun, Mustafa bəy Vəkilovun, Həsən bəy Ağayevin, Behbud bəy Cavanşirin və adını çəkməklə səhifələrin dolub daşacağı minlərlə adlı və adsız qəhrəmanların sayəsində mümkün oldu.

Bu dövlət ideyasının arxasında savadlı, müasir dünyagörüşlü xalq yoxdu, ixtisaslaşmış ziyalı təbəqəsi formalaşmamışdı, xurafatın, cəhalətin tüğyan etdiyi bir məmləkətdə ayrı-ayrı Vətən fədaisi olan şəxsiyyətlərin çiynində ucalırdı bu Azadlıq abidəsi. Bu abidənin tamamlanmasında şəksiz rolu olan iki böyük şəxsiyyəti də burada xüsusi olaraq qeyd etməliyik: Milli qəhrəmanımız Nuri Paşa və onun siyasi müşaviri, Azərbaycan tarixinin ən böyük mütəfəkkiri, "Difai"nin qurucusu Əhməd bəy Ağaoğlu.

Maraqlıdır ki, Çar Rusiyasının dağıntıları arasından boy göstərən milli hərəkatın yetişdirdiyi miqyasda və hazırlıqda ötən əsrin 80-ci illərində Sovet Rusiyasının dağıntıları arasından boy göstərən milli hərəkat öncüllər yetişdirə bilmədi. Onlar dünya siyasətini daha dərindən oxuya bilən şəxsiyyətlər idi, bizim nəsil bu siyasətə duyğusal baxışımızla tarixin gedişini doğru dəyərləndirə bilmədi. Onlar həkim Xosrov bəy Sultanovu sərkərdə kimi kəşf edib Qarabağı qoruya bildilər, bizim nəslin içindən o zəkada hərbi liderlər də ortaya çıxmadı və yalnız Qarabağın köksümüzdəki əbədi dağını qoruyub saxlaya bildik. Bu, əlbəttə, ciddi təhlil mövzusudur, səbəbləri doğru araşdırılmalıdır, ancaq bütün hallarda “müstəqilliyin qorumağaı bacarmadılar” yarlığını o kişilərin üzərindən asanların ən azı tarix bilgisi və anlayışı sıfır səviyyəsindədir, deyə düşünürəm.

Onlar mümkün olandan qat-qat artığını etdilər. Onlar bütün alternativlərdə uduzmalı idilər. Çünki bolşeviklərin istədiyini, Denikin də istəyirdi, Kolçak da istəyirdi, Vrangel də”.

Fazil Mustafa qeyd edib ki, Gürcüstanın müstəqilliyinə təminat verən, Ermənistanın müstəqilliyinə təminat verən böyük dövlətlər onları da qoruya bilmədilər:

“Azərbaycanın müstəqilliyinə tam təminat verən dövlət Osmanlı idi, 1918-ci ildə ingilislərin təkidi ilə bölgədən çəkildikdən və 1920-ci ildə artıq özləri işğala məruz qaldıqdan sonra bizim yetimliyimizin bədəli bu cür də ödənməli idi. Ancaq müstəqilliyimizin öndərləri milli dövlət abidəmizin bolşevik qan qırmızısı ilə boyanmasının qarşısını ala bilməsələr də, onun təməlinin qazılmasına imkan vermədilər. Bunu həm də dünyanın ən ağır vaxtlarında mühacirətdə ac-susuz qalaraq, ailələrini Stalinin adamyeyən maşınınn önündə girov saxlayaraq etməli oldular. Onlar müstəqilliyin bədənini itirsələr də üçrəngli bayrağın içində qorunan ruhunu təslim etmədilər, onu yenidən həmin bədənə qaytarmaq üçün usanmadan çalışdılar.

Məhəmməd Əmin bəy Torpaq-Vətən anlayışını Şəxsiyyət-Vətən anlayışına çevirərək, Azərbaycanı bu ölkədən o birinə daşıdı, ona üçrəngli bayrağın dalğasından doğan rüzgarla yaşam verdi. Ona görə bu, sıradan bir gün deyil, ruhani bir məqamdır, düşünmək anıdır, zikr fürsətidir. Əldə etdiyi nemətin dəyərini bilməyən xalqlar ya onu ucuz satacaqlar, ya da əllərindən yerə salıb sındıracaqlar, param-parça edəcəklər. İnsanlar nəyi qoruduğunu bilməlidirlər, insanlar bu nemətin üzərində böyük insanların haqlarını qədim əlyazılarını oxuduqları çətinliklə də olsa oxmalıdırlar.

İnanın ki, o insanların dili bizim dil deyil, onların xarakteri bizim xarakter deyil. Bizdən daha ciddiydilər, bizdən daha fədakardılar, bizdən daha uzaqgörəndilər. Biz onların zəmini üzərinə qayıtmalıyıq, onların ciddiliyi üzərinə qayıtmalıyıq və onların dilini bərpa etməliyik. Müstəqilliyin bir nemət olaraq dəyərini Quran avazı kimi deyil, Quran mənası və əxlaqı kimi mənimsəməyə başlamalıyıq. Məşhur bir deyim var, özəlliklə də şairlər bunun üzərindən maraqlı aforizmlər yaradıblar. İnsanların çoxu zəruri olana deyil, əsasən artıq, əlavə olana çox can atırlar. Çörək zəruridir, gül əlavə, artıq. Yəni gülsüz yaşamaq olar, çörəksiz yox. O yerdə ki, gül çörəkdən bahalıdır, orada dəyərin deformasiyası mövcuddur. Bizdə də belədir, bir gülün qiyməti bir çörəkdən bahadır”.

Millət vəkilinin sözlərinə görə, hər birimiz müstəqilliyə ilk öncə zəruri olan dəyər kimi baxmalıyıq:

“Olmasa öləcəyimiz, çürüyəcəyimiz bir qida kimi baxmalıyıq. Güllə bağlı romantikamızı da qorumalıyıq, lakin unutmayaq ki, zəruri olan çörəkdən sonra gələn əlavədir, artıqdır. Müstəqilliyimizi keçici gül ətri kimi duymayaq, qalıcı çörək ətri kimi canımızda hiss edək. O zaman mütləq qoruyacağıq, çünki müstəqillik özümüzü qorumanın ilk şərtidir. Müstəqilliyi qorumaq həm də özümüzü qorumaq deməkdir.

Himnimizin sonunda dörd dəfə “Azərbaycan" sözü təkrarlanır. Şahidlər söyləmiş ki, Məhəmməd Əmin bəy şəhidlik məqamına qovuşduğu anlarda üç dəfə “Azərbaycan!” söyləyərək canını tapşırmış. Duyumum onu deyir ki, həmin dördüncü “Azərbaycan”, bizim nəslin yaşadığı Azərbaycandır. Dördüncü “Azərbaycan”ı Məhəmməd Əmin bəyin şəhadəti zamanı söylədiyi həmin üç ”Azərbaycan”a hökmən bağlamalıyıq ki, müstəqillik ritmimiz heç vaxt pozulmasın”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər