9 İyun 2020 15:08
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi bu gün bir çox dünya ölkələri pandemiya bəlası ilə üz-üzə qalıb. Bəşər övladı çox ciddi sınaq qarşısındadır. Bütün dövlətlər bu imtahandan üzüağ çıxmağa çalışırlar. Azərbaycan ilk gündən pandemiyaya ilə mübarizə sahəsində operativ və adekvat qərarlar qəbul etdi.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Millət vəkili son günlər baş verənlərlə bağlı ictimaiyyətə müraciət edərək son vaxtlar Azərbaycanın bir çox dövlət qurumlarının gərgin rejimdə fəaliyyət göstərdiyinə diqqət çəkib: "Onlar arasında elələri var ki, aylardır nə gecələri, nə də gündüzləri var. Neçə vaxtdır ailələri və övladları ilə kifayət qədər vaxt keçirə bilmirlər. Bunun nə qədər çətin olduğunu təsəvvür edirsinizmi?"

Deputat vurğulayıb ki, bu dövlət qurumları arasında ən çox əziyyət çəkən, ağır yük daşıyan orqanlardan biri Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır: "Ötən gün baş verən hadisədən sonra əksəriyyət polisi qınayan çıxışlar etdi, bəziləri həqarət yağdırdı. Öncə qeyd edək ki, bütün məsələlər dövlətin diqqətindədir. Dövlət hər bir məsələni araşdıracaq və lazım olan qərarları qəbul edəcək. Sualım isə belədir: Polisə zibil atanları qınayan çox oldu, yoxsa dünən baş verənləri? Sosial şəbəkələrdə polisə zibil atanları qınayan neçə status paylaşıldı? Bu gün polisi şiddətlə qınayan, status yazan, konstitusiyaya və qanunlara istinad edən həmin insanlar polisə zibil və daş atanları qınayan status paylaşmışdılarmı? Bir sıra hallarda polisin bu qədər hədəfə alınmasında məqsəd nədir? Bu gün hamımızın gözü qabağında bir sıra Qərb ölkələrində hüquq-mühafizə orqanlarının insanlarla necə davrandığını görürük. İnsanları döyür, gözünü çıxarır, üzərinə avtomobil sürür, qətlə yetirirlər. Azərbaycan polisi isə ilk gündən insanlarla xoş rəftar etdi, maksimum səbr və nəzakət nümayiş etdirdi. Bu bir neçə gündə Azərbaycan polisini yaxını dünyasını dəyişən insanı dəfnə aparan, ana olmağa hazırlaşan xanıma dəstək olan, quşlara və heyvanlara yem yedizdirən, çörəyi olmayana çörək alan gördük. Bunu edən Azərbaycan polisi deyildimi?"

Ceyhun Məmmədov demokratik və sivil bir cəmiyyətdə yaşadığımızı vurğulayıb: "Hər kəs fikrini sərbəst ifadə etməkdə azaddır. Ancaq biz dövlətçiliyi müdafiə etməli, dövlətin yanında olmalıyıq. İnsanların polisə daş və zibil atması bütün hallarda yolverilməzdir. Müəyyən qüvvələrin bu hadisələri körükləməkdə və insanları qızışdırmaqda məqsədi isə dövlətçiliyi zəiflətməkdir. Hər birimiz diqqətli olmalıyıq. Bu gün bizə həmrəylik və birlik lazımdır. Polis də, müəllim də, həkim də bizimdir, düşmən deyil, sahib çıxmalıyıq. Məsuliyyət daşımadan bəyanat vermək, tənqid etmək, qərarlar çıxarmaq çox asandır. Dövlət qurumlarının hansısa qərarına və davranışına fərqli yanaşma ola bilər. Ancaq bunun kinə və nifrətə yönləndirilməsi yolverilməzdir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər