16 İyun 2020 17:06
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaqlar həyatımızın davamıdır. Pandemiya dövründə yaşadığımızı nəzərə alaraq, uşaqları xüsusilə qorumalıyıq. Bəs necə?..

Teleqraf.com pediatr Günay Rəsulova ilə müsahibəni təqdim edir.

- Pandemiya barəsində narahatlıq keçirən uşaqlarla necə danışmaq lazımdır?

- Mən özüm də valideynəm. Bizim davamlı olaraq keçirdiyimiz narahatlığı, gördüyümüz qabaqlayıcı tədbirləri uşaqlar hiss edir. Onlar yaşanan təlaş və narahatlıqları başa düşürlər. Uşaqlardan nəsə gizlətmək düzgün deyil. Onlara real vəziyyəti izah etməliyik. Əlbəttə, təlaş yaratmamaq şərtilə...

- Bəs uşaqları koronavirusdan necə qorumalıyıq?

- Əslində çox sadəcə üsullarla xəstəlikdən qorunmağın yollarını uşaqlara öyrətməliyik. İlk olaraq vəziyyətə məntiqi yanaşmağı izah etməliyik. Deməliyik ki, virus var, amma nə qədər təhlükəli olsa da, ondan özümüzü qoruya bilirik. Biz virusdan daha güclüyük. Buna görə gigiyena qaydalarına riayət etməliyik, insanların kütləvi toplaşdığı yerlərə getməməliyik.

Zəruri hallarda evi tərk ediriksə, qorucuyu tədbirlərə əməl etməliyik. Bu qaydalara riayət edərək biz özümüzü virusdan qoruya bilərik.

- Uşaqlarda koronavirus özünü hansı simptomlarla göstərir?

- Uşaqlarda koronavirus çox fərqli, rəngarəng simptomatika ilə özünü göstərir. Əsasən 5-7 günə qədər davam edən yüksək qızdırma, halsızlıq, əzələ ağrıları, yorğunluq, yuxusuzluq, iştahsızlıq, iybilmənin itməsi, quru öskürəklə kimi əlamətlər müşahidə olunur. Bu əlamətlərə ishal və qarnıgetmə də daxil ola bilir.

Bəzən uşaqlarda koronavirus özünü səpkilərlə də göstərir. Allergik səpiklərə bənzər səpkilərlə koronavirusa yoluxan uşaqlar gəlir. Onlarda yanaşı olaraq mədə-bağırsaq simptomları, qusma da ola bilər.

- Azyaşlı uşaqların maskadan istifadəsi nə dərəcədə düzgündür?

- Maskanı xəstə insan infeksiyanı kənara yaymamaq üçün taxmalıdır. Lakin bununla yanaşı, sağlam insanlar da qapalı yerlərdə özünü qorumaq üçün maskadan istifadə etməlidir. İngiltərə səhiyyə nazirliyinin mütəxəssisləri 2 yaşınadək uşaqlara maska taxılmasını tövsiyə etmir. Onlarda boğulma, nəfəs çatışmamazlığı yarana biləcəyi üçün bundan ehtiyat edilir.

2 yaşdan yuxarı uşaqlara burunu örtmək şərtilə qapalı məkanlarda maskalardan istifadə edilməsi tövsiyə olunur. Pandemiya dövründə qapalı yerlərdə özünü qorumaq vacibdir.

- "Evdə qal" tələbinə uyğun olaraq uşaqlar çölə çıxmır. Qapalı məkanda qalmaq isə uşaqlarda D vitamini əskikliyi yarada bilər...

- 2 yaşa qədər uşaqlara davamlı olaraq profilaktik D vitamininin verilməsini tövsiyə edirik. ÜST-ün tövsiyələrinə görə, uşağın qapalı məkanda qalmasından asılı olmayaraq bu müddət ərzində mütəmadi ona D vitamini verilməlidir. Çünki 3 yaşadək uşaqlarda D vitamini əskikliyi yüksək raxitlik riski daşıyır.

Fransa protokolunda 0-18 yaş arasında uşaqlara hər gün D vitamininin verilməsini tövsiyə edilir. Pandemiya vəziyyətində uşaqlar qapalı məkanda qalırlarsa, günəş şüasından uzaqdırlarsa, onlara sutkalıq 400-500 ml D vitaminin verilməsi tövsiyə olunur.

- Spirtin uşaq dərisi üçün hansı fəsadları var?

- Uşaqlar dezinfeksiya üçün 70 faizlik spirtdən istifadə edə bilərlər. Sadəcə davamlı olaraq uşağın əlini nəmləndirmək lazımdır. Çünki spirt səbəbilə uşağın əlində quruma, qabıqlanma ola bilər. Əsasən barmaq uclarına qədər əllərin 30 saniyə sabunla yaxşı-yaxşı yuyulması tövsiyə olunur.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər