Azərbaycanın baş infeksionisti Cəlal İsayev Teleqraf.com-un suallarını cavablandıraraq, ölkəmizdə pandemiyanın bugünkü vəziyyətindən danışıb.
Müsahibəni təqdim edirik.
- Doktor, yenidən tətbiq olunan sərt karantin rejimi effektli olacaqmı?
- Xatırlayırsınızsa, aprel ayında da SMS icazə vasitəsilə evi tərk edirdik və xeyli effekti verdi. Bu səbəblə güman edirəm ki, tətbiq edilən sərt karantin rejimi yenə də öz nəticəsini verəcək. Amma insanların qadağalara əməl edib tövsiyələrə riayət etməsi vacib şərtdir.
- Aprel ayı ilə müqayisədə niyə indi xəstələrin vəziyyəti daha ağırdır?
- Karantin rejiminin yumşalması mərhələsindən sonra insanlar arasında təmas artdı, virus mutasiyaya uğradı. Bu ağırlaşmaların səbəbi də koronavirusun mutasiyaya uğrayaraq xüsusiyyətlərini dəyişməsi ilə bağlıdır.
- Asimtomatik xəstələr evdə müalicə prosesində nəyə diqqət etsinlər?
- Xəstələr heç vaxt özlərini müalicə etməsinlər. Həkim nə təyinat veribsə, ona riayət etsinlər. Özlərinin edə biləcəyi şey yalnız yaxşı qidalanmaqdır, bol maye qəbul etsinlər, meyvə və tərəvəzə üstünlük versinlər.
- Simptomsuz xəstələrə evdə müalicə tövsiyə olunsa da, təəssüf ki, onlar çöldə gəzib, digərlərini yoluxdurur...
- Hər zaman demişik ki, tövsiyələrə əməl etsinlər. Bizim verəcəyimiz qərarlara, Operativ Qərargahın verdiyi tövsiyələrə əməl olunmasa, təbii ki, xəstəliyin yayılmasına şərait yaradılacaq. Bu səbəblə bütün vətəndaşlardan tövsiyələrə əməl etmələri xahiş və tələb olunur.
- Operativ Qərargaha daxil olan rəsmi şəxslərin fikirlərinin digəri tərəfindən düzəliş edilməsi və ya təkzibi birmənalı qarşılanmır. Bəzi hallarda cəmiyyətdə inamsızlığa səbəb olur...
- Nazirlər Kabineti yanında Operativ Qərargahda qərarlar qəbul olunarkən müzakirə və təhlil olunur. Bütün situasiya nəzərdən keçirildikdən sonra qərar qəbul edilir. Qərargahın bütün üzvləri bu barədə fikir bildirdikdən sonra sanitar-epidemoloji vəziyyət nəzərə alınaraq ona uyğun tədbir görülür.
- Necə düşünürsüz, Gürcüstan və ya başqa ölkələrin təcrübəsini ölkəmizdə tətbiq etməyə ehtiyac varmı?
- Hər ölkənin özünəməxsus yolu var. Digər ölkələr bizim təcrübəmizdən istifadə edir. Baxmayaraq ki, bizdə xəstələrin sayı bir qədər yüksəlib, amma ölkəmizdə vəziyyət nəzarət olunandır. Amma yavaş-yavaş bu xəstəliyin aradan qaldırılmasında bu insanlar köməklik göstərsə, bunun öhdəsindən gələ bilərik.
- Ötən həftələrdə insanların rayona getməsinin tərəfdarı idiniz. Hələ də bu fikirdəsiniz?
- Hazırda rayonlara getmək olmaz. Karantin rejimi tətbiq olunan dövrdə rayonlara getmək məsələsi arxa plana keçir. Nəzərə alaq ki, səhlənkar insanlar var. Bir daha onlara müraciət edirik ki, qaydalara əməl etsinlər. Qadağa qoyulub, əməl etməyən cərimə olunacaq.