Süni ət istehsalçıları dünyada ən çox ət istehlak olunan Çində fəaliyyətə başlamaq üçün yarışırlar.
Teleqraf.com xəbər verir ki, süni ət satışına bu həftə sonu Şanxayda başlanacaq.
İstehsalçı şirkət olan “Beyond Meat”ın açıqlamasında bildirilir ki, bitki əsaslı hamburger köftələrinin pərakəndə satışı həftəsonu Şanxayda 50 mağazaya çıxarılacaq. Şirkət elektron ticarət şirkəti olan "Alibaba” vasitəsilə “Freshippo” dükanlarında datış təşkil edəcək. İstehsalçı şirkət Pekində daha 48 dükan açaraq satışları genişləndirməyi planlaşdırır.
“Alibaba” və “Meat Beyond” arasındakı əməkdaşlıq “Impossible Food” ("Mümkün olmayan yemək") kimi digər rəqib şirkətlərin gəlirli Çin bazarına girmək qərarına gəldikdən sonra başlayıb.
Çin bazarını hədəf alan başqa bir bitki əsaslı ət istehsalçısı “Omni Pork”dur. Honkonq mərkəzli şirkət donuz əti əsaslı məhsulların istehsalına diqqət yetirərək strategiyasını bu istiqamətdə qurub. Şirkətin qurucusu David Yeung süni ət bazarının yalnız Şimali Amerikanın “Impossible Food” və “Meat Beyond” kimi şirkətlərdən və qırmızı ətdən ibarət olmadığını deyib: “Yaponiya, Koreya, Vyetnam, Tailand, Sinqapur kimi Asiya ölkələrində əhəmiyyətli dərəcədə donuz əti istehlakı var. Donuz əti yalnız Asiyanın müsəlman ölkələrində istehlak edilmir".
“Impossible Food”un baş direktoru Patrick Brown isə heyvan mənşəli məhsulların 15 il sonra qida sənayesində heç bir yeri olmayacağını düşünür.
Koronavirusun ət istehsalı müəssisələrində ortaya çıxması da ölkələri fərqli alternativlər axtarmağa vadar edib. Sosial sağlamlıqlarını və ekoloji problemlərini mümkün qədər azaltmaq istəyən ölkələr daha davamlı bitki əsaslı ət istehsalını ciddi seçim hesab edirlər.
Süni ət bazarı barədə danışan Şanxay Market Araşdırma Qrupunun direktoru Şaun Reyn deyib ki, Çin istehlakçıları fərqli protein mənbələri axtarırlar: “Bitki əsaslı ət bazarının təqribən 910 milyon dollarlıq olduğunu və hər il 20-25% artacağını düşünürük”.