2 İyul 2020 09:37
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı əsasında “Vətəndaşların elektron xidmətlərlə bağlı maarifləndirilməsi” layihəsinin icrasına start verib.

Layihə barədə məlumat verən təşkilatın sədri Ruslan Xəlilov bildirib ki, məqsəd əhalinin elektron xidmətlərdən istifadə və bacarıqlarının artırılmasını təmin etmək, bu xidmətlərin üstünlükləri barədə onları maarifləndirməkdir.

3 ay davam edəcək layihə çərçivəsində sosial şəbəkələrdə elektron xidmətlərlə bağlı maarifləndirici və informativ xarakterli səhifələr yaradılacaq, internet televiziyalarında debatlar təşkil olunacaq, elektron portallarda uyğun materiallar yerləşdiriləcəkdir.

R.Xəlilov hesab edir ki, xüsusilə də, COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması üçün elan edilmiş karantin dövründə vətəndaşların elektron xidmətlərdən yararlanması olduqca aktualdır: “Evdə qal, e-xidmətlərdən yararlan” şüarına əsaslanan bu layihə təkcə Aran bölgəsində yaşayan sakinlərimizi deyil, bütün ölkə vətəndaşlarımızın maraqlarını özündə ehtiva edir və hər kəs bu layihənin verdiyi imkanlardan yararlana biləcək”.

Layihə çərçivəsində həmçinin e-xidmətlər üzrə kifayət qədər bacarığı olmayan insanlara yardımlar göstəriləcək: “Hansısa e-xidmətdən istifadə edə bilməyən vətəndaşlar təşkilatımıza müraciət edərlərsə, ona yardımlar göstəriləcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər