İnsanların məsuliyyətini bir qədər də artırmaq üçün Milli Məclis tərəfindən pandemiya dövründə tətbiq edilən cərimələr yenidən artırıldı. Qaydaların pozulması və insanların virusla bağlı inamsızlığı məhz bu cür addımların atılmasını məqbul etdi. Sərt karantin rejiminin tətbiqi və insanların sosial izolyasiyaya alınması onların sağlamlığına yönəlmiş addımlardır.
Bu fikirləri Teleqraf com-a açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili İlham Məmmədov bildirib.
Deputat qeyd edib ki, bu qaydalarla da yüz faizlik nəticələrin əldə edilməsi qeyri-mümkündür: "Çünki bu məsələ insan faktoru ilə bağlıdır. İnsanlar öz məsuliyyətini anlamasa, istənilən nəticəni almaq olmur. İnsanlar şüurlu şəkildə bunu dərk etməlidir. Ayrı-ayrı ölkələrin təcrübəsindən də aydın olur ki, nizam-intizama riayət etməklə artıq müsbət nəticələr əldə edilib. Ölkəmizdə son günlərin müşahidələri də göstərir ki, artıq insanlarda virusla bağlı aydın fikirlər mövcuddur. Çünki aparılmış maarifləndirici işin nəticəsi və reallıq insanları onu gözləyəcək təhlükə ilə bağlı daha həssas davranmağa təşviq edir. Ona görə də cəmiyyətimiz öz təhlükəsizliyi və gələcəyimiz naminə daha da məsuliyyətli olmalıdır".
İ.Məmmədov vurğulayıb ki, dövlət öz üzərinə düşən vəzifəni layiqincə icra edir. Onun sözlərinə görə, xəstəxanaların tikilməsi, insanların sağlamlığına xidmət edən addımların atılması bunun bariz nümunəsidir: "Amma yenə də əsas amil insanların məsuliyyəti ilə bağlıdır. Vətəndaşlarımız öz sağlamlıqları ilə bərabər cəmiyyətimizi də qoruduğu üçün daha da diqqətli və həssas davranmalıdır. Biz xalq olaraq üzərimizə düşən bütün vəzifələrin öhdəsindən hər zaman yüksək formada gəlmişik. İnanıram ki, bu həssas dönəmi də milli həmrəyliyimizi ortaya qoyaraq uğurla keçəcəyik".