COVID-19 pandemiyası dəb industriyasına da təsirsiz ötüşmədi. Koronavirusun zərbə vurduğu sahələrdən olan moda sənayesinin durumu necədir? Virusun ikinci dalğasının olacağına dair proqnozlar fonunda bu sahə nə kimi yeniliklərə hazırlaşır, təxirə salınan moda nümayişlərinin taleyini nə gözləyir?
Mövzu ilə bağlı Azərbaycan Milli Geyim Mərkəzinin və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) Sosial məsələlər komissiyasının rəhbəri Gülnarə Xəlilova Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik.
- Geyimi əsasən küçəyə-bayıra, məclisə geyinmək üçün alırıq. Ev geyimi anlayışı, ənənəsi bizdə demək olar ki, yoxdur. Amma pandemiya səbəbilə artıq 4 aydır evdəyik. Siz necə düşünürsünüz, bu ənənə dəyişirmi?
- Zövqlü insanlar ev şəraitində də libaslarına diqqət yetirir, mənzildə rahatlığı təmin edən geyim alıb istifadə edirlər. Çöl geyimi ilə ev geyiminin müəyyən fərqləri var. İndi daha çox evdə otururuq və bu pandemiya göstərdi ki, çoxlu geyim, bər-bəzək əşyaları o qədər də lazım deyilmiş.
Onlardan müəyyən tədbirlərə - toya, ad gününə, fərqli görüşlərə yığışanda istifadə edirdik. Hətta mən dizayner olmağıma baxmayaraq, bu günlərdə əvvəlki geyimlərimlə nə edəcəyimi düşünürəm... Çünki heç hara getmirik.
Əlbəttə, bu, yaxşı hal deyil, amma nə etməliyik? Bütün dünyada baş verən hadisədir və hər birimiz bu günlərdə yalnız evdə qalmağa məcburuq.
- Hazırda xaricdə dəb sahəsində vəziyyət necədir?
- Bir çox dizaynerlər artıq yay kolleksiyasını hazırlamışdı. Onların arasında öz işini onlayn şəkildə nümayiş etdirənlər də oldu. Hətta bəziləri karantindən əvvəl öz kolleksiyalarının nümayişinə vaxt da tapa bildilər. Artıq payız-qış fəslinin dəbini təqdim etməli olduq.
- Onlayn moda nümayişi necə baş tutdu?
- Azərbaycandan ilk dəfə onlayn dəfiləyə mən qatıldım. 25-28 iyun tarixlərində böyük bir "Aspara” moda həftəsi təşkil olundu. Dünyanın dörd bir yanından dizaynerlərin, bloggerlərin, məşhur moda jurnalları, tanınmış moda həftələri rəhbərlərinin ekspert kimi iştirak etdiyi böyük bir moda bayramı keçirildi.
Mən orada ipək sərvət kolleksiyamı təqdim etdim. İpək sərvət kolleksiyasını ötən il noyabrın 27-də təqdim etmişdik. Kəlağayıdan hazırlanmış üst geyimlərindən ibarət bu kolleksiya kəlağayının YUNESKO maddi irsinə daxil edilməsinin 5 illiyinə həsr olunmuşdu. Mən bu kolleksiya ilə dünyanın bir çox moda həftələrinə qatılacaqdım. Çünki Azərbaycanımıza aid olan bu gözəlliyi göstərmək istəyirdim.
Pandemiya səbəbilə dəvət olunduğum tədbirlərin bir çoxunun vaxtı dəyişdi və ya təxirə salındı. Bu ərəfədə onlayn dəfilələrə də dəvətlər almışam. Artıq onların birində iştirak etmişəm. Bu kolleksiya çox da uğurla qarşılandı.
- Xarici firmalar payıza necə hazırlaşır?
- Beyrutda keçiriləcək böyük bir moda həftəsinə onlayn qatılmaq üçün mənə dəvət gəlib. Orada əsas sima olaraq çox məşhur brendlərdən biri - "Oskar de la Renta"nın dəfiləsi olacaq. Qatılacağıq-qatılmayacağ , bilmirəm... Çünki hazırkı vəziyyət hər birimizin əhval-ruhiyyəsinə mənfi təsir edib. Xüsusilə yaradıcı insanlar ümumi durumdan, ab-havadan daha tez təsirlənilər.
Nə qədər yeni ideyalar meydana gəlsə də, beyində fərqli layihələr, təzə hazırlıqlar haqqında düşünsək də, iş prosesi dayandığı üçün biz də geri çəkilməyə məcbur oluruq.
- Dəb aləminə pandemiyanın təsirini necə ümumiləşdirərsiz?
- Pandemiya moda aləmini məhv etdi. Bu vəziyyətdən necə çıxılacaq, bilmirəm. Çox böyük moda evlərinin maliyyə baxımından itkiləri var. Böyük moda evləri belə zərbələr alıbsa, görün, kiçik moda evlərində vəziyyət necədir?
Bu, xarici ölkələrə də aiddir. Bu gün ən məşhur brendlər iflasa, müflisləşməyə doğru gedirsə, ciddi zərərlə üzləşirsə, əlbəttə, ümumi vəziyyətin yaxşı olduğunu iddia edə bilmərik. Böyükdən kiçiyə hamı ziyan içindədir. Mənim xaricdə moda həftələrinin rəhbəri olan bir çox dostlarım var. Tez-tez danışır, bu mövzuları müzakirə edirik. Nəticə etibarilə hələ ki, sevindirici bir xəbər yoxdur.
- Sizcə, qarşıdakı dövrdə moda sahəsində hər hansı canlanma ola bilərmi?
- Virusla mübarizə səbəbilə evdəyik, nə geyim sifariş edən var, nə də geyimə maraq göstərən... Yalnız müəyyən bir dar çevrə geyim sifariş edir. Əslində, sifarişlərə ehtiyac böyük olmalı deyil, yay fəslidir. Əgər vəziyyət bu cür davam edərsə, düşünmürəm ki, qışda geyimə maraq artsın.
Bizdə geyim məsələsi toylarla sıx bağlıdır. İnsanlar toylara, əlamətdar günlərə xüsusi geyim sifariş edib tikdirərdilər. Amma indi belə kütləvi tədbirlərə qadağa qoyulub. Moda sektoruna böyük fəlakət üz verdi. Bunun nə zaman qaydaya düşəcəyi bəlli deyil.
- Bu dövrdə nə etdiniz, yeni layihələriniz varmı?
- Dediyim kimi Azərbaycandan ilk dəfə onlayn dəfiləyə qatıldım və bir neçə dəfilə də gözlənilir. Masklar hazırladım. Azərbaycanda mart ayında böyük ehtiyac yarananda ilk dəfə təbii və xüsusi parçalardan maskalar tikildi. Onların 1200 ədədi hədiyyə olundu. Bu, xeyriyyə məqsədli layihə idi.
Maskaları ahıl insanlara, imkansız ailələrə, yardım paylayan könüllülərə, autizmdən əziyyət çəkən uşaqlara, internat evlərinə payladıq. Eyni zamanda televiziyada çalışan əməkdaşlara bu maskalardan hədiyyə etdik.
Mən onları da bu günümüzün könüllüləri adlandırıram, insanların evdə oturduğu zamanda onlar işə gedib-gəlirdilər.
- Kəlağayıdan hazırladığınız maskalar da qısa zamanda trendə çevrildi. Nə üçün məhz kəlağayıdan?..
- Ümumiyyətlə, mənim yaradıcılığımda kəlağayıya həmişə böyük yer verilir. İlk dəfə Azərbaycan kəlağayısından çox gözəl, fərqli, rəngli maskalar hazırladım. Məhz kəlağayıdan hazırlandığı üçün örpək maska adlandırıldı. İnsanlar onu böyük rəğbətlə qarşıladılar. Moda evimdə hazırlanan maskaların hər biri uzunömürlüdür. Onların heç biri atılmaq üçün hazırlanmayıb. Hər biri xarab olana qədər yuyulub, ütülənib, dezinfeksiya olunub taxıla biləcək. Bu xüsusiyyət, əlbəttə, kəlağayı maskalara da aiddir.
Maskların hər birində qoruyuculuq effekti var, amma ipəyin özünün antiseptik olduğunu bilirik. İpək parçadan tibbdə, rabitədə istifadə olunur. Azərbaycan kəlağıyısı da 100 faiz ipəkdən hazırlanır. Bu parçadan maska hazırlandı ki, insanlar səhhətini daha mükəmməl və gözəl qoruya bilsinlər.
Qeyd edim ki, Azərbaycan kəlağayısından tikilən maskaların satışından əldə olunan gəlir də xeyriyyə məqsədi daşıyır.