Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Emin Əmrullayev Təhsil naziri təyin edilib.
Teleqraf.com yeni təhsil nazirinin tərcümeyi-halı ilə bağlı açıq mənbələrdən əldə etdiyi bilgiləri oxucuların diqqətinə çatdırır.
Emin Eldar oğlu Əmrullayev 2014-cü il dekabrın 5-dən etibarən Bakı şəhəri üzrə Təhsil İdarəsində müdir müavini kimi fəaliyyət göstərib. O, sabiq təhsil naziri Mikayıl Cabbarovun 28 dekabr 2015-ci il tarixli 11/1280 nömrəli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
Prezident İlham Əliyevin 14 noyabr 2016-cı il tarixli, 1107 nömrəli fərmanı ilə Təhsil Problemləri İnstitutunun adı dəyişdirilərək Təhsil İnstitutu adlandırılıb. 6 aprel 2016-cı il tarixindən qurumun direktoru vəzifəsini Emin Əmrullayev icra edib.
Emin Əmrullayev peşəkar təhsil işçisi kimi tanınır. O, Təhsil Nazirliyində Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri vəzifəsində çalışdığı zaman islahatçı və peşəkar kadr olaraq yadda qalıb.
Sonra – 9 yanvar 2020-ci ildə sabiq Təhsil naziri Ceyhun Bayramovun əmri ilə nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri təyin olunub.
Daha sonra isə nazirin müvafiq əmri ilə Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışan Emin Əmrullayev Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.
Açıq mənbələrdə yeni nazirin təvəllüdü, təhsil aldığı illər və ali məktəb barədə məlumat olmasa da, onun gənc nəslin nümayəndəsi və yüksək ixtisaslı məmur olduğu güman olunur.