31 İyul 2020 18:04
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 19-da Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyinin vebinar-konfransı keçirilib. Konfransda Səkinə Babayeva yenidən AQSİA-nın sədri seçilib.

Teleqraf.com AQSİA sədri Səkinə Babayeva ilə müsahibəni təqdim edir.

DOSYE: Səkinə Babayeva 1964-cü ildə Zəngilan rayonunda anadan olub. 1987-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunu bitirib. 1982-ci ildən N.Nərimanov adına Bakı Trikolaj İstehsalat Birliyində sarıyıcı kimi fəaliyyətə başlayıb və nəzarətçi, mühasib, baş mühasib işləyib. 2000-2006-ci illərdə İdarə Heyətinin sədr müavini, 2006-ci ildən İdarə Heyətinin sədri olub. Hazırda Bakı Tekstil Fabrikinin direktorudur. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sədridir.

– Səkinə xanım, yenidən AQSİA-nın sədri seçildiniz. Rəhbəri olduğunuz qurumun fəaliyyətində dəyişikliklər baş verdi. Bu barədə məlumat verərdiniz?

– AQSİA-nın tarixində ilk dəfə olaraq konfransı onlayn formada təşkil etdik. Heç şübhəsiz buna səbəb koronavirus pandemiyası və onun doğurduğu nəticələr idi. Çox qürurverici məqamdır ki, Assosiasiya üzvləri yenidən mənə etimad göstərdilər və növbəti müddətə də AQSİA-ya rəhbərliyi mənə həvalə etdilər. Mətbuatda artıq bu barədə məlumat verilib. Bildiyiniz kimi, AQSİA-nın təşkilati strukturlarında müəyyən dəyişikliklər oldu. İdarə Heyəti üzvlərinin sayı 3-dən 15-ə qaldırıldı. Yeni seçilən İdarə Heyətində müxtəlif sahələrdə fəaliyyət göstərən və böyük uğurlara imza atan xanımlarımız təmsil olunur. Onların hər biri öz sahəsində peşəkardır.

Qarşıda duran əsas hədəfimiz qadınlar arasında faydalı və qarşılıqlı əməkdaşlığa nail olmaq, maariflənmə işlərinin təşkili, onların liderlik bacarıqlarının artırılmasıdır. İnanırıq ki, buna nail olacaq və qarşıdakı dönəmdə daha ciddi layihələrə imza atacağıq. Eyni zamanda “Made in Azerbaijan” brendinin təşviqində xanımlarımızın rolunun artırılmasını düşünürük.

– Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycanda müasir qadın hərəkatı formalaşır. AQSİA bu prosesdə necə yer alır?

– Tamamilə düzgün vurğuladınız ki, bu gün Azərbaycanda müasir qadın hərəkatı formalaşıb və bu hərəkatın yaranması ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası birmənalı olaraq bu prosesdə yer alır və fəaliyyətimiz dövründə həmişə Mehriban xanımın hərtərəfli dəstəyini öz üzərimizdə hiss etmişik.

Məlumdur ki, AQSİA əsasən qadın sahibkarlar arasında həmrəyliyin nail olunmasına yönəlik fəaliyyət göstərir. Assosiasiya İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə sıx əməkdaşlıq şəraitində çalışır. Təlim-tədris, turizm, sənaye, ticarət və digər sahələrdə fəaliyyət göstərən xanımların peşəkar bilik və bacarıqların artırılması əsas fəaliyyət istiqamətimizdir.

Hazırda AQSİA-nın nəzdində təlim-tədris, regional mərkəzlərin yaradılması, xarici dövlətlərin ölkəmizdəki İqtisadi Nümayəndəlikləri ilə birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda keyfiyyətli məhsulların ərsəyə gətirilməsi, onların brendə çevrilməsi istiqamətində fəaliyyətimiz davam edir. Fiziki qüsurlu xanımların məşğulluğunun artırılması da əsas hədəflərimizdən biridir.

– Qeyd etdiyiniz istiqamətlər üzrə layihələri hansı formada həyata keçirirsiniz? Bəlkə bu barədə biraz ətraflı danışaq…

– Əsas istiqamət könüllülük prinsipidir. Quruma daxil olan təklif və müraciətləri ayda bir dəfədən az olmayaraq, ümumi müzakirəyə çıxarırıq. Asossiasiya üzvü olan qadınlar qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir və nisbətən imkanlı xanımlar öz resurslarını az imkanlı xanımlara dəstək məqsədilə istifadə edirlər. Tovuz, Gədəbəy, Daşkəsən və digər rayonlarda yaşayan xanımlarımıza bu qəbildən çoxsaylı dəstəklər edilib.

Eyni zamanda rəhbəri olduğum Bakı Tekstil Fabriki də bu prosesdə yaxından iştirak edir. Yaxşı olardı ki, əlaqədar qurumlar və özəl sektorda çalışan müəssisələr AQSİA ilə əməkdaşlığı artırsınlar. Misal üçün banklarla birlikdə müştərək layihələr həyata keçirmək niyyətimiz var. Lakin hələ ki, müsbət cavab almamışıq. Digər dövlət qurumları, misal üçün, Əmək və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə bağlı vəziyyət də oxşardır.

Cəbhəyanı bölgələrdə beynəlxalq təşkilatlarla birlikdə müxtəlif layihələr həyata keçirmişik. Eyni zamanda AQSİA olaraq qadın təlimçilərin yetişdirilməsi ilə bağlı layihəmizi uğurla başa vurduq. Avropa İttifaqının dəstəyilə 70-dən artıq yerli təlimçilər yetişdirdik.

– Prezident İlham Əliyev bəyan etdi ki, “təhsili olmayan dövlətin gələcəyi ola bilməz”. Təhsil Nazirliyi ilə əməkdaşlığınız hansı səviyyədədir?

– AQSİA olaraq Təhsil Nazirliyinə iki təklif təqdim etmişik. Bunlardan biri texniki peşə məktəblərinin və universitetlərin fəaliyyətində AQSİA-nın yaxından iştirakının təmin olunması, digəri isə 145 boş sahə üzrə ixtisasların yaradılması bağlıdır. Bu sırada kulinariya turizmi, taxıl məhsulları üzrə operatorların yetişdirilməsi və s. aiddir. Bu həm də işsizliyin aradan qaldırılması, məşğulluğun artırılması deməkdir.

Türkiyə nümunəsinə nəzər yetirsək görərik ki, artıq qardaş dövlətdə xanımların peşə təlimlərinə cəlbi və sonradan həmin istiqamətlər üzrə işlə təmin olunması ənənəsi formalaşıb. Azərbaycanda da bu təcrübənin geniş tətbiq olunmasına ehtiyac var. AQSİA-nın Elmi-Tədqiqat İnsitutları ilə birlikdə təlimlər təşkil etməsi çox faydalı olardı. Çünki bizim bu sahədə potensialımız var.

Assosiasiyanın daxilində müxtəlif komissiyalar fəaliyyət göstərir və biz bu təklifləri hazırlayarkən onların təcrübəsinə istinad edirik. İnanırıq ki, yaxın gələcəkdə Təhsil Nazirliyi ilə əməkdaşlıq şəraitində bu təkliflərin həyata keçirəcəyik.

– Ölkənin aparıcı qadın təşkilatlarından birinin rəhbəri olaraq xanımlara tövsiyəniz nədir?

– Nəinki qadınlar, hər bir Azərbaycan vətəndaşının borcudur ki, milli dəyərləri qorusun. Bu isə bəzilərinin bildiyi kimi, populist fikirlər söyləməkdən ibarət deyil. Milli mənafeyi qorumaq həm də iqtisadiyyatı qorumaq, inkişaf etdirmək, bu işə öz tövhəni verməkdən ibarətdir. Bu gün Azərbaycanda vətəndaşlara bütün şərait yaradılıb. Cənab Prezident İlham Əliyevin düşünlümüş və məntiqli qərarlarının nəticəsidir ki, Azərbaycan regionun lider, dünyanın isə önəmli dövlətinə çevrilib.

Azərbaycanın rolu və iştirakı olmadan regionda hər hansı layihənin uğur qazanması mümkün deyil. Ölkəmizin Birinci-vitse prezidenti Mehriban xanım Əliyeva ortaya çox gözəl örnəklər qoyur. Hesab edirəm ki, hər birimizin qarşısında duran əsas vəzifə öz sahəmizdə peşəkar kimi yetişmək, dövlətimizə daha çox fayda verməkdir.

Fürsətdən istifadə edib, başda Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva olmaqla bütün azərbaycanlıları müqəddəs Qurban bayramı münasibətilə təbrik edirəm! Bilirsiniz ki, Azərbaycan olduqca həssas siyasi mərhələyə qədəm qoyub və düşmən Ermənistan cəbhə bölgəsində təxribatlar törətməyə çalışır. Azərbaycan ordusu düşmənə layiqli cavab versə də, bu döyüşlər zamanı şəhid olan qardaşlarımız var.

Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Qoy Azərbaycan ordusu zəfər çalsın! Ölkəmiz daha da güclənsin və Azərbaycanı istəməyən qüvvələr bu dəfə peşəman olsunlar! Onsuz da belədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər