Bu gün sərtləşdirilmiş karantin rejimindən yumşalmalara doğru getməyimiz sevindirici haldır.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.
"Bu, TƏBİB tərəfindən istirahət müddəti deyil, intensiv iş müddəti sayılır. Müddət ərzində xəstəxanalarımızın hazır vəziyyətə gətirilməsi üzərində iş aparılır. Eyni zamanda modul tipli xəstəxanaların istifadəyə verilməsi ilə çarpayı fondumuz artırılıb. Əlavə olaraq laboratoriyalarımızın sayı artırılır. Eyni zamanda xarici mütəxəssislərin ölkəyə dəvəti ilə müzakirələr davam edir".
O qeyd edib ki, payız-qış mövsümündə mövsümü qrip və başqa xəstəliklərin artımı bu il də gözlənilir:
"Bunun nəticələri hazırda geniş müzakirə olunur və hazırlıqlı olmaq istəyirik. Əgər biz qaydalara riayət edəriksə, bu, bizi başqa xəstəliklərdən də qoruyar. Bu, dünya təcrübəsində də özünü göstərir. Xəstəliyə yoluxma sayının azalmasına baxmayaraq, bütün qaydalara ciddi şəkildə riayət etməliyik".